BAKI, 15 iyun. TELEQRAF

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, 1993-cü il 15 iyunu müasir Azərbaycan tarixinə Qurutluş Günü kimi daxil olub. O tarixə və ondan sonrakı dövrə qədər hadisələri necə xarakterizə edərdiniz?

- Milli qurtuluşa aparan yolda baş verənləri gözlərimiz önündə canlandırır və bizə tariximizi vərəqləməyi diqtə edir. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi mərd oğul və qızlarımızın qanı bahasına bərpa edilmiş müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Bir tərəfdən ölkədə tez-tez baş verən hakimiyyət dəyişikliyi, sərhədlərin müdafiəsinin unudulması, digər tərəfdən ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin respublikamızda xof yaratması və qanunlara tabe olmaması, o cümlədən ölkədə yaranmış hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı hissə-hissə zəbt edən Ermənistan ordusunun törətdiyi vəhşiliklər Azərbaycanı parçalanmaq həddinə çatdırırdı.

1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa edən Azərbaycan xalqı sovet ittifaqinin əsarətindən qurtulduğu üçün sevinməyə macal tapmamış fəlakətə sürükləndi. AXC-Müsavat iqtidarının ölkəyə kor-koranə rəhbərliyi respublikamızı kiçik xanlıqlara bölür və bununla da Azərbaycan dünya xəritəsindən silinmək ərəfəsinə yetişirdi. Xalqın taleyini yalnız öz maraqlarını güdən, “kreslo” davasına çıxan naşı adamlar həll edirdi. Azərbaycan idarəolunmaz vəziyyətə çatmış ölkəyə çevrilirdi. Hakimiyyətdə olanların ölkənin tanınmış ictimai-si­yasi xadimlərinə güvənməsi əvəzinə xarici ölkələrdəki himayədarları ilə məsləhətləşmələri xalqla iqtidar ara­sında uçurum yaradırdı. Xalqın narazılıqlarına əhəmiyyət verməyən AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək, respublikamıza faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı və suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu dövlətlərlə düşmən etmişdi və respublikanı təcrid vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.

- Həmin dövrdə daxildə yaranan xaos daha çox özünün hansı hadisələr fonunda göstərirdi?

- O dövr Gəncədə baş verənlər ölkədə vəziyyətin təhlükəli həddə çatmasının əsas sübutu idi. 1993-cü ilin 4 İyun hadisələri vəziyyəti daha da gərginləşdirdi. AXC-Müsavat iqtidarının “Milli Qəhrəman” səviyyəsinə yüksəltdiyi, korpus komandiri Surət Hüseynov hakimiyyətə tabe olmur, öz əqidə yoldaşları ilə birlikdə iqtidara meydan oxuyurdu. O, hakimiyyətin istefasını tələb edir, ölkədə birincliyi öz əlinə almaq isyəyirdi. Gəncədə baş verənlər ölkədə vəziyyətin təhlükəli həddə çatmasının əsas sübutu idi. O vaxtkı hakimiyyətin səriştəsizliyi, baş alıb gedən siyasi xaos ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoydu. İqtidarın Surət Hüseynovu və rəhbərlik etdiyi hərbi birləşməni tərksilah etmək üçün göndərdiyi silahlı qüvvələr ağır məğlubiyyətə uğradı. Qardaş qanı axıdıldı, günahsız insanlar qətlə yetirildi. Vəziyyət daha da ağırlaşdı və ölkə vətəndaş müharibəsi həddinə çatdı.

- Xalqın bu hadisələrə münasibəti necə idi?

- Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət dövlət idarəçiliyində zəngin təcrübəsi olan, dünya şöhrətli siyasi xadim Heydər Əliyev ola bilər. Əslində, bu istək bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, xalq ölkəni fəlakətdən qurtarmaq üçün ulu öndər Heydər Əliyevə müraciət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, respublikamızın taleyində dönüş anı oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

- Ulu öndərin Bakıya qayıdışı ilə hadisələrin gedişində hansı dəyişikliklər baş verdi?

- Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn ulu öndər əvvəlcə Gəncəyə gedib baş verən hadisələrlə yerində tanış olmağı qərara aldı. “Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıq­lar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək” söyləyən ulu öndər Gəncəyə yollanmaqla əsl həqiqəti öyrənməyə çalışdı. Bu səfərin çox təhlükəli olduğu hamıya bəlli idi. Hətta, hakimiyyət hərisləri ulu öndərə qəsd də edə bilərdilər. Ancaq bu təhdidlərin, təhlükələrin heç biri Heydər Əliyevi qərarından döndərə bilmədi. Ümummilli lider Gəncəyə yollandı. Gəncəlilər xilaskar lideri böyük hörmət və ehtiramla qarşıladlar.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri də məhz tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə verildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu, beynəlxalq aləmə inteqrasiya olunmağa başladı və dost qonşu dövlətlərlə əlaqələr tədricən bərpa olundu. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etdi.

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi olan 1993-cü ilin 15 iyunu, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq, tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin möhkəmləndirilməsı, qurtuluşu deməkdir.

- Qurtuluşdan Zəfərə gedən tarixi bir yol mövcuddur…

- Sözsüz ki, məhz həmin vaxt möhkəm təməllər üərində qurulmuş sabitlik Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. 2020-ci il sentyabrın 27-də Ermənistan ordusu sərhədboyu ərazilərimizdə təxribatlar törədərək, ölkəmizə müharibə elan edən zaman qarşılarında güclü Azərbaycan Ordusunu gördü. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan separatizmə birdəfəlik son qoymaqla öz ərazisi üzərində konstitusiya quruluşunu bərqərar etməyə nail oldu. Rəşadətli ordumuzun qazandığı tarixi Qələbə Azərbaycanın dünya birliyindəki nüfuzunu daha da yüksəltdi.

Təbii ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Ölkəmiz Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş, dünyada söz sahibi olan Azərbaycandır.

- Eldar müəllim, Milli Qurtuluş günündə Günündə 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması tarixini necə səciyyələndirirsiniz?

- Əslində Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu eyni zamanda sarsılmaz müttəfiqlik münasibətlərinin təzahürü idi.

Sözsüz ki, iki qardaş ölkə arasında Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsidir. Bu Bəyannamənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafına zəmin yaradır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə olan birgə addımları özündə ehtiva edir. Eyni zamanda Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bütün bunlarla yanaşı əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırılması, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasında tarixi razılaşmanın rolu olduqca böyükdür. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkələrimizin beynəlxalq nüfuzunu artırır. Sözsüz ki, ölkələr arasında münasibətlərin gələcəyinin müəyyən olunması və iki dövlət arasında əlaqələri ən yüksək səviyyəyə qaldırılmasında Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatı hesab olunur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu xüsusda Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Məhz Zəngəzurun geosiyasi əhəmiyyəti nəqliyyat layihəsi kimi olduqca təsirlidir. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olub. Bütün bunlarla yanaşı tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.

Bütün bunların fonunda Prezident İlham Əliyevin də vurğuladığı kimi Şuşa Bəyannaməsinin imzalanmasının rəmzi mənası var. Ölkəmizin başçısının da qeyd etdiyi kimi “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Sözsüz ki, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Bəyannamə ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.