BAKI, 17 may. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakı mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı Zirvə görüşündəki çıxışında olduqca mühüm məqamlardan bəhs edib. Türk dünyasının birliyinin gücləndirilməsi, rəqəmsal inkişaf, nəqliyyat-logistika layihələri və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini önə çəkən dövlətimizin başçısı bu istiqamətdə atılan addımların vacibliyini də diqqətə çatdırıb.
Bunu Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin işğaldan azad olunduqdan sonra qardaşlaşdığı ilk şəhər məhz Türküstan olduğunu bildirib:
“Ölkəmizin başçısı həmçinin Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O vurğulayıb ki, son beş ildə Qazaxıstana səkkiz, Prezident Tokayev isə Azərbaycana altı səfər edib. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə isə münasibətləri müttəfiqlik səviyyəsinə çatdırıb.
Dövlətimizin başçısı eyni zamanda Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artdığını Azərbaycan təşkilata sədrliyi dövründə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal iş aparıldığını da vurğulayıb. TDT Dövlət Başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirildiyini xatırladan ölkəmizin başçısı bu təşəbbüsün artıq ənənəyə çevrildiyini də diqqətə çatdırıb.

Həmçinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil olunacağı, bundan əlavə, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin iyun ayında Bakıda keçiriləcəyi də Zirvə görüşündə bəyan edilib. Bütün bunlar onu deməyə əsas verir ki, TDT çərçivəsində keçirilən mühüm görüşlər birliyin daha da güclənməsinə xidmət edən vacib amillərdəndədir”.
Eldar Quliyev ölkəmizin başçısının həmçinin çıxışında rəqəmsal transformasiya və süni intellekt məsələlərinə xüsusi diqqət ayırdığını söyləyib:
“Azərbaycanın əsas məqsədlərindən biri rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsidir. Bu məqsədlə ölkədə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb. Eyni zamanda ötən il Azərbaycanda Süni İntellekt Strategiyası qəbul olunub. Strategiyanın əsas istiqamətləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadr hazırlığı və dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi yer alır.
Həmçinin ölkəmizdə sabit genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin 100 faizə çatdırıldığı və dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən təqdim olunması istiqamətində işlərin davam etdiyi də vurğulanıb. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Prezident İlham Əliyev qeyd edib ki, mövcud qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti artır və Zəngəzur dəhlizi bu marşrutun əsas seqmentlərindən birinə çevriləcək. Əlavə edilib. TDT çərçivəsində tətbiq olunan “e-Permit” sistemi yükdaşımaların daha operativ həyata keçirilməsinə imkan yaradır.
Bütün bunların fonunda Türk dünyasının XXI əsrin əsas geosiyasi güc mərkəzlərindən birinə çevrilməli olduğu, Azərbaycanın Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyi də Zirvə görüşündə diqqətə çatdırılıb”.
Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçirdiyi zirvə görüşləri türk dünyasında siyasi həmrəyliyin, strateji əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi baxımından mühüm platformaya çevrilib. Artıq türk dünyasının özünün ayrı bir güc kimi hərbi təşkilatlanması da reallaşmalıdır. Bununla bağlı bir neçə dəfə təşəbbüslər fikirlər səslənib. Artıq bu hərbi gücün də formalaşmasına ehtiyac var.
Sözsüz ki, bu xüsusda qeyri-rəsmi zirvə görüşləri təşkilat daxilində daha çevik dialoq mühitinin formalaşdırılması, ortaq hədəflərin müəyyənləşdirilməsi və yeni geosiyasi çağırışlara vahid yanaşmanın ortaya qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır. Qazaxıstanın Türküstan şəhərində keçirilən növbəti qeyri-rəsmi zirvə görüşü isə türk dünyasının inkişaf tarixində yeni mərhələnin – rəqəmsal birlik və texnoloji inteqrasiya dövrünün başlanğıcı kimi qiymətləndirilir.
“Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunan bu zirvə görüşü təsadüfi seçilməyib. Müasir beynəlxalq münasibətlər sistemində texnoloji üstünlük, rəqəmsal təhlükəsizlik və innovativ iqtisadiyyat dövlətlərin qlobal rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilib. Türk dövlətləri də bu reallığı nəzərə alaraq ortaq rəqəmsal platformaların yaradılması, süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal transformasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində vahid strateji xətt formalaşdırmağa çalışırlar. Türküstan zirvəsi məhz bu baxımdan gələcək nəsillər üçün yeni inkişaf modelinin müəyyənləşdirilməsi və ortaq texnoloji gələcəyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, türk dövlətlərinin bu gün əldə etdiyi birlik və inteqrasiya səviyyəsi uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda Türk Şurasının yaradılması haqqında müqavilənin imzalanması türk dünyasının siyasi və institusional inteqrasiyasının əsasını qoyaraq gələcək böyük birliyin formalaşması üçün mühüm zəmin yaratdı.
Bu baxımdan qeyri-rəsmi zirvə görüşləri ənənəsinin yaranması da xüsusi əhəmiyyət kəsb edir. Bu formatın təşəbbüskarı məhz Azərbaycan olub və ilk qeyri-rəsmi zirvə görüşünün 2024-cü ilin iyul ayında Şuşada keçirilməsi mühüm siyasi və simvolik məna daşıyırdı. Şuşa zirvəsi Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yaranmış yeni reallıqların türk dünyası tərəfindən tam dəstəkləndiyini nümayiş etdirdi.
Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə bütün türk dünyası üçün mühüm model hesab olunur. Məhz buna görə də TDT çərçivəsində ortaq süni intellekt institutunun yaradılması təşəbbüsü xüsusi aktuallıq qazanır.
Türk dünyasının inteqrasiya prosesində ortaq əlifba məsələsi də mühüm strateji əhəmiyyət daşıyır. Bu baxımdan 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması xüsusi simvolik məna kəsb edir. 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay türk xalqlarının ortaq dil, əlifba və mədəni birlik ideyası ətrafında birləşməsinin əsasını qoymuşdu. Həmin dövrdə Bakı türk dünyasının intellektual mərkəzi rolunu oynayırdısa, bu gün də Azərbaycan ortaq türk əlifbasının formalaşdırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir”.