BAKI, 4 may. TELEQRAF

“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 15 iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır. Yoxlama aparılarkən hüquqi aktlar məcburi hüquqi ekspertizadan keçirilir. Məcburi hüquqi ekspertizanın rəyi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir.

Həmçinin Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra 15 iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin aktlar Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə hüquqi aktı qəbul etmiş orqana (quruma) əsaslandırılmış məlumat verilməmiş olsun. Gün ərzində Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlar növbəti gün saat 00.00-da Dövlət Reyestrinin elektron variantında dərc edilir.

O cümlədən “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”sinin 5.5-ci bəndinə əsasən, mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra 7 (yeddi) iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin akt Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra 1 (bir) iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən normativ hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə həmin orqana əsaslandırılmış məlumat verilməmiş olsun.