BAKI, 2 may. TELEQRAF
Bu gün Qərbi Azərbaycan İcmasının təşəbbüsü və təşkilatçılığı ilə “Davamlı Sülh və Qaçqınların Qayıdış Hüququ: Beynəlxalq Hüququn Rolu” mövzusunda beynəlxalq onlayn-hibrid konfrans keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı tədbirin əhəmiyyətindən bəhs edib və sülhün təmin olunmasında beynəlxalq hüququn rolunu vurğulayıb.
Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Rizvan Nəbiyev çıxış edərək qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırıb.
Konfrans çərçivəsində keçirilən I panel “Davamlı sülh və qaçqınların geri qayıdış hüququ: beynəlxalq hüququn rolu” mövzusuna həsr olunub. Panelə Azərbaycan Parlamentinin üzvü, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev moderatorluq edib.
II panel “Kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq” mövzusuna, III panel isə “Gender ədaləti və davamlı sülh: qadınların geri qayıdış hüququ” mövzusunu əhatə edib.
Konfransın yekununda Azərbaycan Parlamentinin üzvü, Azərbaycan Parlamentinin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Rizvan Nəbiyev çıxış edərək tədbirin nəticələrini ümumiləşdirib, səsləndirilən fikirlərin və təkliflərin gələcək fəaliyyət baxımından əhəmiyyətini vurğulayıb.