BAKI, 1 may. TELEQRAF

"Beynəlxalq hüquq, ədalət və obyektivlik adı altında qurulan, lakin siyasi korrupsiya əsasında işləyən bir sistemin beynəlxaql miqysalı ifşasının şahidiyik. Luis Moreno Okampo adlı bir fiqurun fəaliyyəti fonunda ortaya çıxan, lakin ondan qat-qat böyük olan bir şəbəkənin, bir mexanizmin, bir geosiyasi oyun növbəti dəfə faş olunur".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev illərdir xəbərdarlıq edirdi ki, ölkəmiz misli görünməmiş informasiya müharibəsi ilə üz-üzədir: "Son günlər yayılan videomateriallar, beynəlxalq mediada yer alan məlumatlar və analitik rəylər göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya heç də spontan və ya “insan hüquqları narahatlığı”ndan doğan proses deyil. Hibrid hücumlar planlı, koordinasiyalı və maliyyələşdirilən bir fəaliyyətin nəticəsidir. Yayılan videogörüntülərdə keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo və onun oğlu açıq şəkildə etiraf edirlər ki, onlar Avropa strukturlarına təsir etmək, siyasi qərarları yönləndirmək və Azərbaycana qarşı təzyiq mexanizmləri qurmaq üçün konkret planlar üzərində işləyirlər".

Millət vəkilinə görə, videolarda səslənən fikirlər artıq ehtimal deyil, açıq etirafdır: "Okampo bildirir ki, onun Avropa Parlamentində əlaqələri var, o, orada suallar qaldıra, təzyiq yarada və hətta Avropa Komissiyasının siyasətinə təsir göstərə bilər. O, açıq şəkildə deyir ki, bu fəaliyyətləri ABŞ və Avropadakı erməni lobbiləri ilə birlikdə həyata keçirir və məqsəd təzyiqi artırmaqdır. Daha təhlükəlisi odur ki, fəaliyyət təkcə Azərbaycana qarşı yönəlməyib. Eyni videolarda Ermənistanın daxili siyasi proseslərinə müdaxilə planları, hətta Baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması kimi açıq məqsədlər də dilə gətirilir. Artıq beynəlxalq hüququn deyil, birbaşa dövlətlərin daxili işlərinə müdaxilənin göstəricisidir. “İnsan hüquqları” adı altında təqdim olunan fəaliyyətlər əslində siyasi təsir və maddi maraqlar üzərində qurulub. Okampo öz keçmiş statusundan istifadə edərək prosesi bir növ “ailə biznesinə” çevirib, beynəlxalq hüquq mexanizmlərini siyasi və maliyyə alətinə transformasiya edib. Amma məsələ təkcə bu gün yayılan videolarla məhdudlaşmır. Bu, uzun illərdir formalaşan və müxtəlif mərhələlərdən keçən bir sistemin nəticəsidir. Okamponun keçmiş fəaliyyətinə nəzər saldıqda görürük ki, o, Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru kimi böyük səlahiyyətlər əldə etmiş, lakin sonradan fəaliyyəti ciddi tənqidlərə məruz qalmış və nüfuzu zədələnmiş bir fiqurdur".

Z.Oruc bildirib ki, onun rəhbərliyi dövründə beynəlxalq hüquq sisteminin selektiv tətbiqi, bəzi regionlara qarşı qərəzli yanaşma, xüsusilə Afrika ölkələrinə qarşı aparılan siyasi motivli proseslər uzun illərdir müzakirə mövzusudur: "Bu isə artıq bir tendensiyanın mövcudluğunu göstərirdi: beynəlxalq hüquq universal deyil, müəyyən siyasi mərkəzlərin alətinə çevrilə bilər. Dünyada erməniləri himayə edən dövlətlər sırasında Fransanı önə çəkməyimiz fonunda Argentinanın da diqqətdə saxlanması məqsədəuyğun hesab edilir. Belə ki, Fransada dünya ermənilərinin siyasi paytaxtı, Argentina isə-maddi-maliyyə paytaxtıdır. Bu 2 məqam isə bir biri ilə sıx bağlıdır. Argentina əsilli şəxslərin beynəlxalq hüquq məkanına intensiv yerləşdirilməsi, BCM-də ilk prokurorun (Okampo) argentinalı, onun müavininin, Okampodan sonrakı baş prokurorun da argentinalı xanım olması,BMT-nin saxta qoyqırım sənədini qəbul etdirən şəxsin argentinalı olması və s. ümumilikdə bu ölkə ilə aparılacaq xarici siyasət kursunda daha dərindən işlənməli, ölkəmizə qarşı fəaliyyətləri əks-tədbir kimi ifşa edilməlidir".