BAKI, 1 may. TELEQRAF
Luis Okampo ilə bağlı yayılan videomateriallarda bu şəxsin Azərbaycana qarşı kampaniyada iştirakını və bu fəaliyyətin təşkilati strukturunu dolayısı ilə etiraf etməsi ciddi suallar doğurur. Söhbət artıq “insan hüquqları” ritorikasından deyil, konkret sifarişli siyasi fəaliyyət və lobbiçilik şəbəkəsindən gedir. Bu cür etiraflar beynəlxalq institutların obyektivliyinə ciddi kölgə salır. Kampaniyanın ən kritik tərəfi onun maliyyə dayaqlarıdır. Videomateriallarda Rusiyada fəaliyyət göstərən bəzi erməni mənşəli biznes dairələrinin bu prosesə maliyyə dəstəyi verdiyi açıq şəkildə ortaya qoyulur. Məqsəd isə uzunmüddətli informasiya təzyiqi və siyasi təsir mexanizmi formalaşdırmaqdır.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Səbinə Salmanova bildirib ki, yayılan materiallar yalnız Azərbaycana qarşı fəaliyyətlə məhdudlaşmır, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə elementləri də açıq şəkildə görünür: “Xüsusilə Baş nazir Nikol Paşinyan əleyhinə siyasi planların müzakirəsi region üçün ciddi təhlükə siqnalıdır. Bu, artıq bir ölkənin daxili işlərinə birbaşa müdaxilə və siyasi sabitliyi pozmaq cəhdidir”.
Deputat qeyd edib ki, Avropa Parlamenti daxilində lobbiçilik və təsir mexanizmlərinin bu dərəcədə ifşa olunması ciddi narahatlıq doğurur: “Bəzi hallarda Avropa institutları öz rəsmi mövqelərindən uzaqlaşaraq konkret maraq qruplarının təsiri altına düşür. Bu proses Avropa dəyərləri və demokratik prinsiplərlə bağlı suallar yaradır və beynəlxalq ictimaiyyət üçün ciddi çağırışdır. Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilən qətnamə də bu ümumi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Həmin sənədin məzmunu və istifadə olunan siyasi ritorika göstərir ki, bu qərar obyektiv qiymətləndirmənin nəticəsi deyil, əvvəlcədən hazırlanmış siyasi xəttin davamıdır. Bu isə Avropa institutlarının qərarvermə prosesində maraq balansının pozulduğunu göstərir. Milli Məclisin qəbul etdiyi qərar isə Azərbaycanın milli maraqlarının müdafiəsində qətiyyətli və prinsipial yanaşmanı nümayiş etdirir. Bu, aydın siyasi mesajdır. Azərbaycan heç bir xarici təzyiq və ya informasiya manipulyasiyası qarşısında geri çəkilməyəcək”.
Səbinə Salmanova vurğulayıb ki, hazırkı proseslər informasiya müharibəsinin klassik nümunəsidir: “Burada media, maliyyə və siyasi təsir alətləri birləşdirilərək kompleks hücum mexanizmi formalaşdırılıb. Məqsəd yalnız Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sabitliyin pozulmasıdır. Bu isə uzunmüddətli geosiyasi maraqlarla bağlıdır və təsadüfi xarakter daşımır. Beynəlxalq ictimaiyyət bu faktlara ciddi yanaşmalıdır. Ortaya çıxan məlumatlar müstəqil və obyektiv araşdırma tələb edir. Əgər bu proseslər araşdırılmasa, beynəlxalq institutlara olan etimad ciddi şəkildə zəifləyə bilər. Şəffaflıq və hesabatlılıq prinsipləri təmin olunmadan ədalətli beynəlxalq sistemdən danışmaq mümkün deyil. Bu ifşalar beynəlxalq münasibətlərdə yeni reallıqları ortaya qoyur. Artıq ayrı-ayrı siyasi bəyanatlardan yox, konkret maraqlar üzərində qurulmuş sistemli fəaliyyət şəbəkəsindən danışmaq lazımdır. Bu cür halların açıq şəkildə müzakirə olunması və hüquqi-siyasi qiymətləndirilməsi vacibdir”.
Milli Məclisin deputatı Günay Ağamalı isə bildirib ki, Azərbaycana qarşı qurulan, hörümçək toru kimi toxunan sistemli xəyanət kadrları önümüzdədir: "İnsan haqları", "beynəlxalq hüquq" deyib bağıranların ciblərində başqa ölkələrin pulları, ürəklərində Bakıya qarşı bitməyən kin var.
Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo ədalətin tərəzisini tutmalı "adam", tərəzinin bir gözünə erməni diasporunun pullarını, digər gözünə isə Azərbaycana qarşı şər-böhtanı qoyub.
Okampo videolarda faktiki olaraq öz peşəkar cinayətini etiraf edir. O, açıq şəkildə Avropa institutlarında "əlaqələrinin" və "komandasının" olduğunu deyir. Jozep Borrelin adını çəkir, Avropa diplomatiyasının dəhlizlərini özünün xidmət sahəsi kimi təqdim edir.
Sözügedən "demokratiya carçılarının" maaşı Rusiyadakı varlı erməni biznesmenlərinin cibindən çıxırmış. Bir tərəfdən Avropanın mərkəzində oturub "qərb dəyərlərindən" danışırlar, digər tərəfdən isə Rusiya ilə problem yaşamamaq üçün gizli maliyyələşirlər.Bütün bunlar fərqli siyasi qütblərin Azərbaycanın Zəfərini həzm edə bilməyən nöqtədə birləşməsidir.
Əslində, Azərbaycanın Zəfəri "bu adamların" şüurunda elə bir dərin travma yaradıb ki, onların Bakıya qarşı amansız həmlələri artıq siyasi fəaliyyətdən çox, ciddi müalicəyə möhtac olan xroniki psixoloji obsesiyanın təzahürüdür.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan güclü dövlətçilik modeli Azərbaycanın ən böyük üstünlüyünə çevrilib. Azərbaycan hərbi, siyasi, informasiya müstəvisində öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən və heç bir xarici təzyiq qarşısında geri çəkilməyən əzəmətli dövlətdir.
Anlamalıdırlar ki, qarşılarındakı Azərbaycan onların o gizli sxemlərini də, o “anonim” maliyyəçilərini də, Okampo kimi muzdlu “hüquqşünaslarını” da çox yaxşı tanıyır və bütün bu çirkin kampaniyaların arxasında hansı mərkəzlərin dayandığını aydın şəkildə görür.
İfşa bir sonun başlanğıcıdır. Bizə qarşı sistemli hücum edənlər bilsinlər ki, onların hər dollarının, hər avrosunun arxasında hansı xəyanətin dayandığını Azərbaycan yaxşı bilir.
Borrellərin, Okampoların və o gizli fondların "ədalət" oyunu bitdi".
Deputat qeyd edib ki, ölkəmizin haqq səsi çirkli pulların səsini boğacaq qədər uca və təmizdir.