BAKI, 1 may. TELEQRAF
Ermənistanın müharibə nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələdə beynəlxalq hüquq çərçivəsində aydın öhdəlikləri mövcuddur.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, 1949-cu il Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokol I tərəflərə münaqişə zamanı itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması, onların dəfn yerlərinin müəyyən edilməsi və qalıqlarının ailələrə qaytarılması kimi konkret və məcburi tələblər qoyur:
"Bu öhdəliklərin yerinə yetirilməməsi təkcə hüquqi məsuliyyət deyil, həm də beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qiymətləndirilir. Müvafiq məlumatların gizlədilməsi və ya təqdim olunmaması humanitar proseslərin şəffaflığını zəiflədir və etimad mühitinin formalaşmasına mane olur".
Deputat vurğulayıb ki, itkin düşmüş şəxslərin ailələrinin ən fundamental hüquqlarından biri “bilmək hüququ”dur (right to know): "Bu hüquq beynəlxalq humanitar hüquqda təsbit olunmuş prinsip olmaqla, ailələrin yaxınlarının taleyi barədə dəqiq məlumat almaq imkanını nəzərdə tutur. 30 ildən artıq müddətdə minlərlə azərbaycanlı ailəsinin bu hüquqdan məhrum qalması ciddi humanitar problem olaraq qalır.
Müvafiq məlumatların təqdim edilməməsi yalnız hüquqi məsələ deyil, həm də humanitar baxımdan davamlı ağrı və qeyri-müəyyənlik yaradan bir vəziyyətdir. Azad edilmiş ərazilərdə indiyədək aşkarlanmış kütləvi məzarlıqlar münaqişənin humanitar nəticələrinin miqyasını göstərir. 32 kütləvi məzarlıqdan 877 nəfərə aid insan qalıqlarının ekshumasiya olunması faktı bu istiqamətdə aparılan araşdırmaların nə qədər mühüm olduğunu təsdiqləyir.
Bununla yanaşı, əlavə məzarlıq yerləri ilə bağlı məlumatların tam şəkildə açıqlanmaması prosesi çətinləşdirir. Beynəlxalq təcrübə göstərir ki, belə hallarda məlumat mübadiləsi və əməkdaşlıq həm ədalətin bərpası, həm də barışıq mühitinin formalaşması üçün əsas şərtlərdən biridir. Məsələnin həlli yalnız hüquqi öhdəliklərin yerinə yetirilməsi ilə məhdudlaşmır, həm də humanitar dialoqun gücləndirilməsini tələb edir".
Mehriban Vəliyeva hesab edir ki, beynəlxalq təşkilatların və humanitar qurumların bu prosesdə daha aktiv rol oynaması, itkin düşmüş şəxslərlə bağlı məlumatların toplanması və paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır: "Şəffaflıq və əməkdaşlıq mühitinin yaradılması regionda uzunmüddətli sabitliyin və etimadın formalaşmasına xidmət edə bilər".