BAKI, 30 mart. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının qarşıdan gələn seçkilərdə 60 faizdən aşağı səs toplaması fonunda sentyabrda daha fəlakətli müharibə açıqlaması heç də reallıqdan uzaq deyil. Burada yeni müharibə üçün konktret tarixin qeyd edilməsi daxili ictimai rəyə hesablanıb. Əsas hədəf yayda Ermənistanda keçiriləcək parlament seçkilərinə yönəlib.

Bu sözləri Teleqraf-a siyahi şərhçi Asif Nərimanlı Ermənistanda parlement seçkiləri sonrası baş verə biləcək mümkün ssenarilərdən bəhs edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan erməni cəmiyyətinə izah etməyə çalışır ki, Ermənistanın gələcəyi sülhdən asılıdır:

“Sözsüz ki, yeni müharibə ehtimalı hər zaman yüksəkdir. Ermənistandakı hazırkı hakimiyyət də sülh prosesindən kənar addım atarsa, Azərbaycana qarşı ərazi iddialarını davam etdirərsə, bu yeni eskalasiya təhlükəsi yaradır. Əgər, seçkilərdə sabiq prezident, hərbi cani Robert Köçəryanın timsalında revanşistlər qalib gələrsə, bu ilk növbədə sülh prosesinə mənfi təsir etməklə yanaşı, bunun məntiqi davamı olaraq yeni müharibə təhlükəsi yaradacaq”.

Siyasi şərhçi hesab edir ki, Ermənistanın Azərbaycana qarşı müharibəyə başlayacağı təqdirdə onun hansısa üstünlük qazanması qeyri-mümkündür:

“Bunu revanşistlər və onlara dəstək verən ölkələr də anlayır. Amma Rusiya, erməni kilsəsi və diasporu revanşistlərlə Azərbaycanla əldə edilən sülh prosesini pozmaq, ən azı onu yeniləmək istiqamətində addım atacaqlar. Erməni lobbisinin ayrı-ayrı ölkələrdəki siyasi proseslərə təsir imkanları fonunda Qərbdə də sülh prosesinə yanaşmaların dəyişməsi riski yarana bilər”.

Asif Nərimanlının fikrincə, Azərbaycanın proseslərə yanaşması fonunda Ermənistandakı seçkiyə doğru sülh prosesinin daha da dərinləşdirmək istiqamətində addımların atılması daha məqbuldur:

“Bu da daxili ictimai rəydə sülhə maraqlı olan qüvvələrin mövqeyinə müsbət təsir edə bilər. Sözsüz ki, seçkidə revanşistlər qalib gələrsə, Azərbaycan tərəfi Vaşinqtonda əldə edilmiş sülh prosesində israr edəcək. Rəsmi Bakı paraflanmış sülh sazişinin saxlanılmasına çalışacaq. Bu prosesi pozmaq isə eskalasiya riskini artırır ki, bunun də yeganə həlli güc tətbiqidir”.