BAKI, 16 may. TELEQRAF

"Azərbaycanın son illərdə beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda artan rolu artıq təkcə enerji və geosiyasi məsələlərlə məhdudlaşmır. Bu gün ölkəmiz şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpa modeli baxımından da beynəlxalq diqqət mərkəzindədir. Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşündə səsləndirilən fikirlər də məhz Azərbaycanın formalaşdırdığı yeni strateji xəttin göstəricisidir".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi artıq sadəcə daxili layihə deyil, beynəlxalq səviyyədə öyrənilən və nümunə göstərilən idarəetmə modelinə çevrilməkdədir.

"Azərbaycan burada “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, rəqəmsal idarəetmə və müasir urbanizasiya prinsiplərini paralel şəkildə tətbiq edir. Bu isə ölkəmizin postmünaqişə dövründə yalnız dağıntıları aradan qaldırmaq deyil, eyni zamanda gələcəyin şəhərsalma modelini qurmaq niyyətində olduğunu nümayiş etdirir.

WUF13 forumunun Bakıda keçirilməsi də təsadüfi deyil. Dünya Şəhərsalma Forumu BMT sistemində urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində ən nüfuzlu platformalardan biridir. Belə bir tədbirin Azərbaycana həvalə olunması ölkəmizə beynəlxalq etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın yumşaq güc siyasətinin də mühüm nəticəsidir. COP29-dan sonra WUF13 kimi qlobal tədbirin Bakıda təşkili Azərbaycanın artıq beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, qlobal gündəliyin formalaşdığı mərkəzlərdən birinə çevrildiyini göstərir".

Onun sözlərinə görə, burada diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın COP və WUF arasında strateji əlaqə yaratmasıdır.

"Əslində bu yanaşma ölkəmizin iqlim siyasəti ilə şəhərsalma siyasətini vahid platformada birləşdirmək cəhdidir. Çünki müasir dünyada şəhərsalma artıq yalnız tikinti məsələsi deyil, enerji təhlükəsizliyi, ekologiya, sosial rifah və dayanıqlı inkişaf məsələlərinin mərkəzində dayanır. Azərbaycan isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələrlə bu konsepsiyanın praktik modelini ortaya qoyur.

UN-Habitat ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında imzalanmış Niyyət Məktubu da strateji baxımdan mühüm sənəddir. Bu sənəd təkcə WUF13-ün təşkilati məsələlərini əhatə etmir, eyni zamanda Azərbaycanın beynəlxalq şəhərsalma idarəetmə standartlarının formalaşmasında iştirakını təmin edir. “WUF13 Bakı standartları” anlayışının gələcək forumlar üçün nümunə kimi təqdim olunması isə Azərbaycanın institusional idarəetmə təcrübəsinin beynəlxalq səviyyədə qəbul edilməsi deməkdir.

Bütün bunlar dövlət maraqları baxımından bir neçə mühüm nəticə yaradır. İlk növbədə, Azərbaycan beynəlxalq arenada postmünaqişə bərpasını uğurla həyata keçirən və bunu innovativ inkişaf modeli ilə birləşdirən ölkə kimi mövqeyini gücləndirir.

İkinci tərəfdən, belə platformalar xarici investisiyaların cəlbi, texnologiya transferi və beynəlxalq tərəfdaşlıqların genişlənməsi üçün əlavə imkanlar yaradır.

Üçüncü mühüm məqam isə Azərbaycanın siyasi nüfuzunun artmasıdır. Qlobal tədbirlərə uğurlu ev sahibliyi edən dövlətlər beynəlxalq qərarvermə proseslərində daha çox etimad qazanır və təsir imkanlarını genişləndirirlər.

Bu baxımdan WUF13 forumu Azərbaycan üçün yalnız şəhərsalma tədbiri deyil, ölkənin beynəlxalq mövqeyini gücləndirən, postmünaqişə reallıqlarını dünyaya təqdim edən və dövlətin strateji inkişaf modelini nümayiş etdirən mühüm siyasi-diplomatik platformadır".

Milli Məclisin deputatı Səbinə Salmanova bildirib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri də müasir şəhərsalma modelinin formalaşdırılması, dayanıqlı yaşayış mühitinin yaradılması və postmünaqişə dövrünün çağırışlarına uyğun yeni inkişaf konsepsiyasının tətbiqidir.

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti artıq təkcə regional deyil, beynəlxalq səviyyədə də maraq doğuran strateji inkişaf nümunəsinə çevrilib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı yeni yanaşmanın mahiyyətini bütün aydınlığı ilə ortaya qoyur".

Onun sözlərinə görə, bu gün Azərbaycan gələcəyin şəhər modelini yaradan, müasir urbanizasiya prinsiplərini milli inkişaf strategiyası ilə uzlaşdıran, texnoloji yenilikləri sosial rifahla birləşdirən ölkə kimi çıxış edir:

“Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə diqqət yetirdikdə burada yalnız tikinti prosesinin deyil, yeni həyat fəlsəfəsinin formalaşdırıldığını görürük. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, rəqəmsal idarəetmə, ekoloji tarazlıq və dayanıqlı infrastruktur prinsipləri əsasında qurulan bu model artıq beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü zamanı səsləndirilən fikirlər də Azərbaycanın bu sahədə artan nüfuzunun növbəti təsdiqidir. Görüş zamanı Bakıda keçiriləcək World Urban Forum 13 ilə bağlı hazırlıq məsələlərinin, eləcə də Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın perspektivlərinin müzakirə olunması təsadüfi xarakter daşımır. Bu gün Azərbaycan artıq beynəlxalq şəhərsalma gündəliyinin fəal iştirakçılarından biri kimi qəbul olunur və qlobal urbanizasiya siyasətinə töhfə verən dövlətlər sırasında yer alır”.

S.Salmanova bildirib ki, Bakının WUF13 forumuna ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun məntiqi nəticəsidir:

“Son illərdə ölkəmizin mühüm siyasi, iqtisadi və humanitar tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin təşkilati potensialını, institusional imkanlarını və beynəlxalq etimadını daha da gücləndirib. Xüsusilə COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın qlobal məsələlərdə fəal mövqeyini bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi qiymətləndirirlər”.

Parlamentari qeyd edib ki, COP29 ilə WUF13 arasında yaradılan strateji bağlantı isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər uzaqgörən xarakter daşıdığını göstərir:

“Müasir dünyada şəhərsalma məsələləri artıq iqlim təhlükəsizliyi, ekoloji tarazlıq və davamlı inkişaf anlayışlarından ayrılıqda təsəvvür edilmir. Azərbaycan isə bu iki qlobal platformanı vahid strateji yanaşma çərçivəsində birləşdirərək yeni beynəlxalq əməkdaşlıq modeli formalaşdırır. Bu yanaşma ölkəmizin qlobal çağırışlara müasir baxışının və məsuliyyətli mövqeyinin təzahürüdür. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə dünyanın müxtəlif ölkələrindən böyük maraq göstərilməsi də təsadüfi deyil. Çünki işğal nəticəsində tamamilə dağıdılmış ərazilərin qısa müddətdə yenidən qurulması, ən müasir texnologiyaların tətbiqi, şəhər və kəndlərin yeni urbanizasiya prinsipləri əsasında planlaşdırılması beynəlxalq praktika baxımından nadir nümunələrdən hesab olunur. Azərbaycan burada yalnız infrastruktur yaratmır, eyni zamanda sosial ədalətə, insanların rahat yaşayışına və təhlükəsiz gələcəyinə xidmət edən yeni məkanlar formalaşdırır”.

O vurğulayıb ki, Azərbaycanın şəhərsalma siyasətində xüsusilə diqqət çəkən məqamlardan biri də milli-mənəvi dəyərlərlə müasirliyin vəhdətinin qorunmasıdır:

“Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri göstərir ki, Azərbaycan öz tarixi-mədəni irsini qorumaqla yanaşı, müasir urbanizasiya standartlarını da uğurla tətbiq edir. Şuşanın tarixi simasının qorunması, Ağdamın yeni baş plan əsasında qurulması, Zəngilan və Füzulidə “ağıllı kənd” layihələrinin həyata keçirilməsi dövlətimizin strateji yanaşmasının mühüm göstəriciləridir. UN-Habitat tərəfindən Azərbaycanın könüllü maliyyə dəstəyinin, Milli Şəhərsalma forumlarının və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin yüksək qiymətləndirilməsi də ölkəmizin bu sahədə qazandığı nüfuzun göstəricisidir. Azərbaycan artıq şəhərsalma sahəsində yalnız təcrübə öyrənən deyil, eyni zamanda təcrübə paylaşan dövlətə çevrilib. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin sənəd gələcəkdə beynəlxalq şəhərsalma tədbirlərinin təşkili üçün institusional model rolunu oynayacaq mühüm əməkdaşlıq mexanizmi hesab olunur”.

S.Salmanova həmçinin qeyd edib ki, “WUF13 Bakı standartları” anlayışının formalaşdırılması isə Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində yeni idarəetmə modeli yaratdığını göstərir:

“Bu standartlar gələcək forumlarda təşkilati koordinasiyanın daha da təkmilləşdirilməsinə, operativ idarəetmənin gücləndirilməsinə və beynəlxalq şəhərsalma platformalarında vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq idarəetmə təcrübəsinə verdiyi mühüm töhfə kimi qiymətləndirilməlidir. Bütün bunlar bir daha təsdiq edir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın yalnız iqtisadi və siyasi gücünü deyil, həm də intellektual və institusional potensialını gücləndirib. Bu gün ölkəmiz regional liderliklə yanaşı, qlobal təşəbbüslərin müəllifi kimi də çıxış edir. Azərbaycanın şəhərsalma sahəsində ortaya qoyduğu innovativ yanaşma, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq siyasəti müasir dünyanın diqqətlə izlədiyi uğurlu inkişaf modelidir. Bu modelin əsasında isə güclü siyasi iradə, milli maraqlara əsaslanan dövlət siyasəti və insan amilini ön planda saxlayan inkişaf strategiyası dayanır. Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurlar həm də dövlətimizin artan beynəlxalq nüfuzunun göstəricisidir”.