BAKI, 5 mart. TELEQRAF

Almaniya İranın hücumları fonunda Azərbaycanla həmrəyliyini ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Biz bu gün Naxçıvana İran dronları ilə endirilən zərbələri, eləcə də Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan hər hansı hərəkəti qətiyyətlə pisləyirik. Biz Azərbaycanla və bu insident nəticəsində zərərçəkənlərlə həmrəyliyimizi bildiririk. Vəziyyəti və hadisələrin sonrakı inkişafını diqqətlə izləməyə davam edirik", - məlumatda bildirilib.

Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.