BAKI, 3 mart. TELEQRAF

"Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq".

Teleqraf xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: "Həmçinin vurğulamaq istərdim ki, Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu da oynayır. Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik.