BAKI, 1 may. TELEQRAF
"Təəssüflə qeyd etmək lazımdır ki, torpaqlarımız işğalda olduğu dövrdə ermənilər Azərbaycan ərazilərində böyük vandalizm aktları həyata keçirdilər. Məzarlarımızı dağıtdılar, onların halı dözülməz vəziyyətdə idi. Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir, məlumatlar verilməsindən imtina gedir".
Bunu Teleqraf-a Milli Məclisin depuatı Ceyhun Məmmədov bildirib.
Deputat vurğulayıb ki, Ermənistanın azərbaycanlıların məzarlarının yeri ilə yanaşı həm də işğal dövründə basdırdığı minaların xəritələrini verməməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir.
Onun sözlərinə görə, bu, müharibə cinayəti və insanlığa qarşı cinayət elementləri daşıyır: "Təəssüf ki, insanlarımız mina probleminə görə öz doğma yurdlarına köçə bilmirlər. Bu hal da əslində problemin miqyasının nə qədər böyük olduğunu göstərir. Əfsuslar olsun ki, bu günədək xəritələr bizdə deyil, tez-tez çox sayda vətəndaşlarımız minaya düşürlər, həyatlarını itirirlər. Bu, siyasi məsələ deyil, humanitar fəlakətdir. Mina xəritələrinin verilməməsi konvensiyalara, beynəlxalq hüquqa ziddir. Ermənistan buna son qoymalıdır. Eyni zamanda beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə, əməllərinə bəraət qazandırmaq yox, onları bu əməllərdən çəkindirmək yolunu seçməlidir".
Milli Məclisin deputatı Vasif Qafarov bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların aşkar olunması regionda uzun illər davam etmiş münaqişənin ağır humanitar nəticələrini bir daha üzə çıxarır və indiyədək 32 kütləvi məzarlığın aşkarlanması, 877 nəfərə aid insan qalıqlarının ekshumasiya olunması itkin düşmüş şəxslər probleminin nə qədər geniş miqyaslı olduğunu göstərir.
Onun sözlərinə görə, lakin Ermənistanın hələ də yüzlərlə məzarın yerini gizlətməsi məsələnin yalnız humanitar deyil, eyni zamanda ciddi hüquqi və siyasi problem olaraq qaldığını təsdiqləyir.
"Beynəlxalq humanitar hüquq çərçivəsində, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokol I-ə əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, məzarların yerini göstərmək və qalıqları ailələrə qaytarmaq öhdəliyi daşıyır və Ermənistanın bu öhdəlikləri yerinə yetirməməsi açıq şəkildə beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirilməlidir. Bu davranış eyni zamanda müharibə cinayətlərinin izlərinin gizlədilməsi və gələcək hüquqi məsuliyyətdən yayınma cəhdi kimi də şərh oluna bilər.
Digər tərəfdən, 30 ildən artıqdır minlərlə azərbaycanlı ailə itkin yaxınlarının taleyi barədə məlumat ala bilmir ki, bu da cəmiyyət üçün ciddi psixoloji və sosial problem yaradır, çünki beynəlxalq hüquqda tanınan “bilmək hüququ” ailələrin yaxınlarının aqibətini öyrənmək haqqını təmin edir. Ermənistanın bu məlumatları təqdim etməməsi həmin hüququn sistemli şəkildə pozulması deməkdir və bu hal regionda etimad mühitinin formalaşmasına mənfi təsir göstərir.
Məhz bu mürəkkəb humanitar və hüquqi problemlərin həlli istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət xüsusi əhəmiyyət kəsb edir, çünki onun rəhbərliyi ilə Azərbaycan həm işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı axtarış və ekshumasiya işlərini sistemli şəkildə həyata keçirir, həm də beynəlxalq platformalarda itkin düşmüş şəxslər məsələsini daim gündəmdə saxlayaraq Ermənistanın məsuliyyətə cəlb olunması üçün prinsipial mövqe nümayiş etdirir", - vurğulayıb.
V.Qafarov qeyd edib ki, dövlət maraqları baxımından Azərbaycan bu məsələni beynəlxalq platformalarda daim gündəmdə saxlamalı, BMT və digər qurumlar çərçivəsində Ermənistanın məsuliyyət məsələsini qaldırmalı, eyni zamanda toplanmış sübutlar əsasında beynəlxalq məhkəmələrdə hüquqi prosesləri gücləndirməlidir: "Bu yanaşma Prezident İlham Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan xarici siyasət kursunun tərkib hissəsidir. Bununla yanaşı, informasiya siyasətinin effektiv qurulması, faktların beynəlxalq ictimaiyyətə çatdırılması və məsələnin humanitar mahiyyətinin ön plana çıxarılması xüsusi əhəmiyyət kəsb edir". Ermənistanın əməkdaşlıqdan imtinası post-münaqişə dövründə sülh və etimad quruculuğu proseslərinə də ciddi maneə yaradır və bu məsələ yalnız keçmişin araşdırılması deyil, həm də gələcək münasibətlərin formalaşdırılması kontekstində qiymətləndirilməlidir. Nəticə etibarilə, kütləvi məzarlıqların aşkarlanması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Azərbaycan üçün həm humanitar məsuliyyət, həm də dövlət maraqlarının qorunması baxımından prioritet istiqamətlərdən biridir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl hüquqi, siyasi və informasiya addımları ədalətin bərpasına və beynəlxalq hüququn təmin olunmasına xidmət edir".