BAKI, 8 dekabr. TELEQRAF

Nazirlər Kabineti bir sıra qərarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nda edilən dəyişikliyə əsasən, ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qeydiyyatın aparılmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq Qida Təhlükəsizliyi Agentliyi onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyatın müddət axımı dayandırılır və dayandırılmış müddət bu müddətə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda Agentlik ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir.