BAKI, 27 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarının 15 faizdən 25 faizə yüksəldildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ prezidentinin sözlərinə görə, qərar Cənubi Koreya istehsalı olan avtomobillərə, taxta materiallarına, farmasevtik məhsullara və qarşılıqlı rüsumlara aid edilən digər bütün mallara şamil olunur.

Tramp bəyan edib ki, rüsumların artırılması Vaşinqtonla Seul arasında imzalanmış sazişin ratifikasiyasının Cənubi Koreya qanunverici orqanı tərəfindən ləngidilməsi ilə bağlıdır. O, koreyalı deputatları razılaşmanın təsdiqini gecikdirməkdə ittiham edib və bunun səbəblərini sual edib.

Xatırladaq ki, bundan əvvəl Tramp Kanadanı Çinlə əməkdaşlıq etdiyi üçün özünə zərər vurmaqda ittiham etmişdi. ABŞ prezidenti, həmçinin Ottavanın Pekinlə ticarət sazişi imzalayacağı təqdirdə Kanadaya qarşı 100 faizlik rüsumlar tətbiq edilə biləcəyi ilə hədələyib.