BAKI, 27 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın reytinqi immiqrasiya siyasəti ilə bağlı narazılıqlar fonunda 38 faizə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi və “Ipsos” beynəlxalq tədqiqat xidmətinin birgə keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Sorğunun nəticələrinə əsasən, Trampın prezident kimi fəaliyyətini respondentlərin 38 faizi müsbət qiymətləndirib. Ayın ortalarında bu göstərici 41 faiz təşkil edirdi. Respondentlərin 59 faizi isə ABŞ Prezidentinin fəaliyyətindən narazı olduğunu bildirib. Qalan iştirakçılar suala cavab verməyib.
Tramp administrasiyasının immiqrasiya sahəsində qəbul etdiyi qərarları sorğuda iştirak edənlərin 39 faizi dəstəkləyib ki, bu da onun 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən sonra qeydə alınan ən aşağı göstəricidir. Respondentlərin 53 faizi bu siyasətə qarşı olduğunu bildirib. Eyni zamanda, iştirakçıların 58 faizi ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin qeyri-qanuni miqrasiya ilə mübarizədə “həddindən artıq sərt tədbirlərə əl atdığını” düşünür.
İqtisadi siyasətlə bağlı suala cavab verənlərin 35 faizi Tramp administrasiyasının kursunu effektiv hesab edib, 56 faiz isə ondan narazı qaldığını deyib.
Sorğu yanvarın 23-25-də ABŞ-də 1139 yetkin şəxs arasında aparılıb.
Qeyd olunur ki, “Reuters” və “Ipsos”un mütəmadi keçirdiyi sorğulara əsasən, Trampın reytinqi onun ikinci prezidentlik dövründə yalnız bir dəfə - ötən ilin noyabrında 38 faizə enib. Ən yüksək göstərici isə 2025-ci ilin yanvarında qeydə alınıb. Həmin vaxt respondentlərin 47 faizi ABŞ Prezidentinin fəaliyyətini müsbət qiymətləndirib.
Xatırladaq ki, Donald Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı fərman imzalayıb və ABŞ tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdığını bəyan edib.