BAKI, 5 dekabr. TELEQRAF
"Müstəqil Azərbaycanın milli və dövlət maraqlarına zidd, ölkəmizdə mövcud olan sabitliyə və iqtisadi inkişafa xələl yeritmək, beynəlxalq nüfuzuna kölgə salmaq radikal müxalifətin fəaliyyətinin ana xətini təşkil edir. Azərbaycan ictimaiyyəti bu qüvvələrin, AXCP-nın və onun sədri Əli Kərimlinın, eləcədə "Milli Şura"nın hakimiyyətə gəlmək naminə düşmənlərlə belə əməkdaşlığa hazır olmalarının dəfələrlə şahidi olub. İctimaiyyətin hiddətinə səbəb olan anti-milli qüvvələrin bu fəaliyyəti zaman - zaman ifşa olunub".
Bu sözləri Teleqraf- a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, son zamanlar bu dairələrin şəxsi maraqları naminə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətini təsdiq edən kifayət qədər faktlar mətbuatda yayımlanır və ciddi müzakirələrə səbəb olur: "Belə ki, radikalların Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi və onun tapşırıqlarını yerinə yetirdiyi bildirilir.
Hazırda həm Ramiz Mehdiyev, həm də Əli Kərimli eyni cinayət işi üzrə istintaqa cəlb olunublar. Cəmil Həsənli və digərləri də proses çərçivəsində dindirilib, Gültəkin Hacıbəylinin isə Türkiyədən deportasiya olunacağı bildirilir".
Deputat bildirib ki, bu qüvvələrin Rusiya ilə əlaqəli fəaliyyət göstərməsi və onların bəd əməllərinin Azərbaycan dövlətçiliyinə qarşı yönəlməsi yeni hal deyil: "Məlum olduğu kimi, 2013-cü il prezident seçkiləri ərəfəsində formalaşdırılmış “şura” və digər gizli strukturların məqsədi ölkəmizi yenidən qeyri-sabitlik mühitinə sürükləmək, 2003-cü ildə həyata keçirilməsi planlaşdırılan, lakin baş tutmayan siyasi ssenariləri reallaşdırmaq idi. Moskvada yaradılan “Milyarderlər İttifaqı” və onun Azərbaycandakı siyasi layihəsi olan, adı milli, mahiyyəti isə tam antimilli olan “Milli Şura” təsadüfən ortaya atılmamışdı. Bu qurumlar xüsusi plan əsasında xarici mərkəzlərin maraqlarına uyğun olaraq yaradılmışdı.
2018-ci ildə isə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yayımladığı birgə rəsmi məlumatda qeyd olunurdu ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd tədbirlərinin maliyyələşdirilməsi məqsədilə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərinin törədilməsinə dair kifayət qədər sübutlar toplanıb. Həmin əməllərin törədilməsində qurumun funksionerlərindən Əli Kərimli və digərlərinin adı qeyd edilirdi.
Bu faktlar bir daha sübut edir ki, öz maraqlarını milli maraqlardan üstün tutan anti-milli qüvvələr istənilən təxribat və xəyanət yoluna əl atırlar.
Lakin onlar unutmamalıdırlar ki, dövlətin müvafiq qurumları, hüquq-mühafizə və xüsusi xidmət orqanları öz vəzifələrini ən yüksək peşəkarlıq səviyyəsində yerinə yetirirlər. Dövlətinə arxa çevirən, milli maraqlara xəyanət etməyə cəhd göstərən hər bir şəxs kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq hüquqi müstəvidə əməllərinə uyğun cəzasini alacaqdır.
Qalib və güclü Azərbaycan dövləti bundan sonra da öz strateji hədəflərinə doğru inamla və qətiyyətlə irəliləyəcək və möhtəşəm uğurlara imza atacaqdır".