BAKI, 6 noyabr. TELEQRAF
"2026-cı ilin dövlət büdcəsində 45 faiz sosial sahəyə yönləndiriləcək".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard manata çatdırılacaq:
“Müqayisə üçün deyim ki, 5 il bundan öncə bu xərclər 8 milyon təşkil edirdi. Əminəm ki, gələcəkdə bütün səhiyyə xidmətləri icbari tibbi sığortaya cəlb ediləcək”.
Komitə sədri deyib ki, əhaliyə göstərilən ilkin tibbi xidmətin keyfiyyətinin aşağı olması problem olaraq qalır:
“Bu xüsusilə bölgələrdə və regionlarda ciddi problemdir".
O qeyd edib ki, bölgələrdə olan tibb məntəqələri ya yararsız vəziyyətdədir, yaxud da ümumiyyətlə tibb məntəqəsi yoxdur. “Bununla bağlı ötən sessiya müddətində dinləmə keçirərək bir pilot rayon da müəyyən edildi. Lakin bu istiqamətdə işlər getsə də, uğurlu nəticə görmürük. Odur ki, növbəti illərdə bu sahəyə diqqət yetirməliyik”, - deputat vurğulayıb.
Komitə sədri eyni zamanda onkoloji xəstələrin icbari tibbi sığorta xidmətinə daxil edilməməsindən şikayətlənib: “Büdcədən ayrılan vəsait isə onkoloji xəstələrin effektli müalicəsində ciddi problemlər yaranır. Bəzi onkoloji dərman prepartlar var ki, onlar çox bahadır. Həmin preparatların lazımi miqdarda alınıb ölkəyə gətirilməsində çətinliklər var. Bu preparatlar olmadan onkoloji xəstələrin effektiv müalicəsini təmin etmək mümkün deyil. Həmin dərmanların alınıb ölkəyə gətirilməsinə əlavə vəsait ayrılmalıdır. Eyni zamanda məsələ isə onkoloji xəstələrin icbari tibbi sığorta xidmətinə salınması ilə bağlıdır”.