BAKI, 4 noyabr. TELEQRAF
"Dövlət büdcəsində cari xərclərdə mədəniyyət ocaqlarının təmiri üçün büdcədən lazımi səviyyədə vəsait ayrılsa da, regionlarda mədəniyyət evlərinin təmiri aparılmır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Azər Badamov deyib.
O qeyd edib ki, bu məsələlər seçicilərlə görüş zamanı qaldırılır və ciddi narahatçılıq ifadə olunur. “Ona görə də təklif edərdim ki, büdcədən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət gücləndirilsə və bunun monitorinqi aparılsa, yaxşı olar”.
Deputat eyni vəziyyətin baytarlıq sahəsində də yaşandığını qeyd edib: “Baytarlıq xərcləri üçün ayrılan 41, 9 milyon vəsaitin 22,6 milyon manatı vaksinlərin, dərmanların və digər məsələlər üçün nəzərdə tutulub. Son vaxtlar heyvanlar arasında yayılmış dabaq xəstəliyi ciddi narahatlıq yaradır.
Vaksinlərin, dərmanların alınması vacibdir. Amma alınan həmin vaksinlərin yerlərə çatdırılması və heyvanlara vurulmasında nəzarət çox zəifdir. Hesab edirəm ki, vaksinlərin alınıb və onların yerlərdə istifadəsinə də nəzarət gücləndirilməlidir”.