BAKI, 6 oktyabr. TELEQRAF

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, bu gün Azərbaycanın yaratdığı reallıqlar və Cənubi Qafqazda formalaşmış yeni şərait dünya ictimaiyyətinin dəqqət mərkəzindədir. Bu xüsusda Prezident İlham Əliyevin BMT tribunasından vermiş olduğu mesajların əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı tarixi əhəmiyyətə malik idi. Ölkəmizin başçısı bu yüksək tribunadan bir daha Azərbaycan xalqının və dövlətinin milli maraqlarının hər şeydən üstün olduğunu, ölkəmizin özünün ərazi bütövlüyü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və prinsiplərinə uyğun olaraq, onun qəbul etdiyi qətnamələrə əsasən təmin etdiyi dünya ictimaiyyətinə bəyan etdi. Ölkəmizin başçısı çıxışında həmçinin Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlərini bir daha yüksək tribunadan vurğuladı. Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışdığını vurğulayan Azərbaycan Prezidenti bu gün isə qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməsindən söz açıb. Ölkəmizin başçısı çıxışında sözsüz ki, Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinin mahiyyətindən də bəhs etdi. Həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunduğu bir daha bəyan edildi. Qeyd olundu ki, bu qətnamələr heç vaxt icra edilmədi. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olaraq özünün ərazi bütövlüyünü təmin etdi. Bu zamanda da Ermənistanın Azərbaycan qarşı terror həyata keçirdiyi qeyd olundu. Məhz bu amansız terror nəticəsində 100-dən çox günahsız mülki vətəndaşımız qətlə yetirildi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə aparıb və heç bir halda mülki infrastrukturu və mülki şəxsləri hədəf almayıb. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi nəticəsində 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiyanı qəbul etdi və bu da təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Artıq Azərbaycanla Ermənistan arasında sülh müstəvisində ciddi addımların atıldığı da BMT kürsüsündən bəyan edildi. Bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində çox ciddi razılaşmalar əldə edildi. İlkin sülh sənədi paraflanmaqla tərəflər qalıcı sülh üçün öz mövqeyini açıq şəkildə ifadə etmiş oldu. Sözsüz ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi sülhə, sabitliyə və əməkdaşlığa sadiqdir. Ölkəmiz regional kommunikasiya xəttlərinin açılması fonunda sülh və əməkdaşlığın güclənəcəyinə, bundan hər kəsin fayda götürəcəyinə əmindir. Artıq sülh üçün yeganə mane Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) işə düşməsi ilə ümumilikdə bölgə üçün yeni bir imkanlar açılmış olacaq.

- Ölkəmizin Avropa Birliyi və bu təşkilata daxil olan ölkələrlə əməkdaşlığı fonunda İtaliya-Azərbaycan əlaqələrinin önəmini necə dəyərləndirirsiniz?

- Sözsüz ki, bu yaxınlarda İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm önəm kəsb edir. Azərbaycanla İtaliya arasında əlaqələr hər zaman yüksək səviyyədə olub. İqtisadi-siyasi müstəvilərdə də münasibətlər yüksələn xətlə inkişaf edib. İtaliya eyni zamanda Azərbaycanın ticarət tərəfdaşı kimi də mühüm rola malikdir. Təbii ki, İtaliya Prezidentinin ölkəmizə səfəri münasibətlərin inkişafında yeni bir səhifə açmış olacaq. Azərbaycan və İtaliya arasında münasibətlər müstəqillik illərindən bəri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr həm enerji, həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. İtaliya Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. Cənubi Qafqaz regionunda isə Azərbaycan İtaliyanın etibarlı tərəfdaşıdır. Azərbaycan-İtaliya münasibətlərində enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. İtaliya Azərbaycanın ən böyük neft alıcısıdır. Xəzər dənizində hasil edilən xam neftin böyük hissəsi Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə Aralıq dənizi hövzəsinə, oradan isə İtaliya bazarına çatdırılır. Həmçinin İtaliya şirkətləri Azərbaycanda, xüsusilə infrastruktur, kənd təsərrüfatı və tikinti sahələrində fəal iştirak edirlər. Azad edilmiş Qarabağ bölgəsinin bərpasında İtaliya şirkətləri də cəlb olunub. Bu isə iqtisadi əməkdaşlığın daha dərin səviyyəyə keçdiyini göstərir.

Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı maraqlar və strateji əməkdaşlıq üzərində qurulub. Enerji sahəsindəki tərəfdaşlıq bu münasibətlərin əsasını təşkil etsə də, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə də əlaqələr getdikcə dərinləşir. Yaşıl enerji, təhsil və texnologiya, ticarət balansının diversifikasiyası, azad edilmiş ərazilərdə birgə layihələr üzrə əlaqələrin bundan sonra inkişafı üçün başlıca zəmin mövcudur. Bu baxımdan, Azərbaycan–İtaliya münasibətləri regional və qlobal səviyyədə strateji tərəfdaşlığın uğurlu nümunəsi hesab edilir.

İtaliya Prezidentinin ilk səfərində Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışı edilmişdi. Bu dəfəki səfərdə isə İtaliya-Azərbaycan Universitetinin açılması münasibətlərin bütün sahələr üzrə inkişafından xəbər verir.

- Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətə regional və qlobal miqyasda olan yanaşmalar nədən ibarətdir?

- Bu gün Azərbaycana olan yanaşmalar birmənalı olaraq dəyişib. Bu faktı biz Prezident İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7‑ci Zirvə Toplantısında iştirakında da bird aha əyani şəkildə görmüş olduq. Bu səfər çərçivəsində ölkəmizin başçısı bir sıra vacib görüşlər keçirdi. Zirvə toplantısında ümumiyyətlə Azərbaycan və Onun Lideri diqqətə mərkəzində oldu. Bu isə Azərbaycanın həyata keçirdiyi düzgün siyasətin təzahürüdür. Azərbaycan 2020-ci ildən sonra regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Avropa ölkələri və qurumları ilə fəal dialoq, sülh gündəliyi, enerji əməkdaşlığı kimi məsələlər ölkəmizin etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə xidmət edir. Sözsüz ki, bu səfərdə Azərbaycanla Ermənistan arasında sülh prosesinin prioritet kimi təqdim edilməsi amili də mövcud idi. Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin qorunmasına dair da bu səfərdə müzakirələrə aparılıb. Təbii ki, hazırda enerji diplomatiyası və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində ciddi rolu bu gün daha aktualdır. Prezident İlham Əliyevin Kopenhagendə bir neçə yüksək səviyyəli görüşləri baş tutub ki, bunlar daha çox qarşı tərəfin təşəbbüsü ilə olub. Bütün bunlar isə Azərbaycanın beynəlxalq arenada mövqeyinin daha etibarlı qəbul edildiyinin göstəricisidir.