BAKI, 4 iyun. TELEQRAF
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair publisist Sabir Rüstəmxanlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sabir bəy, akademik Nizami Cəfərovun müsahibəsində rus və digər dillərdən keçən sözlərin lüğətə salınması ilə bağlı fikirləri birmənalı qarşılanmadı. Həmin sözlərin orfoqrafiya lüğətinə daxil edilməsindən söhbət getməsə də, reaksiyalar fərqli oldu. Siz necə düşünürsünüz, dilimizdə ümumişlək olan sözlər üçün ayrıca lüğətin yaradılmasına ehtiyac varmı?
- Akademik Nizami Cəfərov ağıllı adamdır və nə dediyini bilir. Hansı mənada deyibsə, yəqin ki, mediada təhrif olunmuş şəkildə çatdırılıb. Ona görə də ola bilsin, Nizami müəllimi düz başa düşməyiblər. Özü ilə bir dəfə bu barədə söhbətimiz də olmuşdu. Onun fikri belədir ki, bu sözlər ardıcıl işlənirsə və dildən onu çıxartmaq mümkün deyilsə, bəlkə də o əcnəbi söz olmasına baxmayaraq, bizim dil lüğətimizə təbii şəkildə düşməlidir. Bunun özü də mübahisəlidir. Çünki tənbəl xalqlar öz dilində söz ola-ola bəzən onun işlətmirlər. Amma kənardan gələn söz ona daha cazibədar görünür və o sözü işlədir. Məsələn bizim dilimizdə “kəsəsi”, “qısaca”, “ümumiyyətlə” sözləri ola-ola “vapşe” sözü işlədirlər.

- Dilimizdə bu sözlərin yayğın formada işlədilməsi hansı amillərlə bağlıdır?
- Çünki beyin, dil tənbəlləşib. Söz yaradıcılığı ilə məşğul olmağın bir növ məsuliyyətini nəzərə almırıq. Bir sıra xalqlar var ki, kənardan alınan sözləri də çox asanca öz dillərinə çevirirlər. Beləliklə onun qarşılığını tapırlar və o sözlər dildə normal şəkildə işlədilir. Bəzən biz öz dilimizi o qədər saf saxlamağa çalışırıq ki, kənar sözlər gələn kimi orada əcnəbilik görünür. Bununla da dil onu qəbul etmir və kənara atır. Ona görə də bu məsələlər müzakirə olunmalı və optimal bir yol tapılmalıdır. Söz yaradıcılığı ədəbi bir işdir. Millətə yeni sözlər təqdim edərsən, onun 10-nu götürməsə də, 5-ni qəbul edər. Biz təcrübədən də bunu görürük.
- Dilimizi zənginləşdirməyin əsas yolları nədən ibarətdir?
- Azərbaycan dilini zənginləşdirməyin çox geniş yolları var. Əvvəla türk dilləri ilə inteqrasiya, ünsiyyətdə yeni sözlər, bizim işlətmədiyimiz, amma başqa qardaş xalqların işlətdiyi sözləri əlavə edə bilərik. Məsələn, türk dili lüğətində 600 mindən çox söz var. Onların içərisində məişətdən, geyim-keçimdən, həyat tərzindən gəlmə o qədər gözəl sözlər var ki, onlardan istifadə edə bilərik. Bəzilərini də vaxtında işlətmişik, indi isə unutmuşuq. Sadəcə, ərazinin bir tərəfində işnəlib, o biri tərəfindən işlənməyən sözlər var. Halbuki bu sözlər işlənə bilər və işlənməlidir. Bunun üçün biz öz dialektlərimizdən xeyli sözlər əlavə etdik. Əcnəbi sözlərin bəzilərini onunla da əvəz edə bilərik.

- Əcnəbi sözlərin deyilişi və yazılışı ilə bağlı əsas problemlər hansılardır?
- Türk xalqlarının ümumi bir terminologiyası olmalıdır ki, yeni gələn sözlər bundan sonra heç olmasa eyni cür qəbul edilsin. Məsələn, "kompüter" gəlir, amma o sözü bilmirlər necə yazsınlar? Türk qardaşlarımız buna bilgisayar deyir. Bu çox gözəldir. İstərdik ki, bütün türk xalqları bundan sonra kompüterə bilgisayar desinlər. Dil üzrə Terminologiya Komissiyası yeni texnologiyanın gətirdiyi əcnəbi sözlərin hamısının olmasa da, bir hissəsinin qarşılığını tapa bilər. Məsələn, distant təhsil deyirlər. Niyə distant təhsil deyilməlidir? Buna uzaqdan, kənardan təhsil niyə demirik? Ya da kamp sözü var. Tələbə kampı deyilir. Amma tələbə düşərgəsi, şəhərciyi, yurdu deyə bilərik. Bu yollarla dilin zənginləşdirilməsinin imkanları var və artırılmalıdır.

- Terminlərin işlənməsi ilə bağlı durum nə yerdədir? Sizcə, niyə qarşılığı olan sözlərdən istifadə olunmur?
- Məsələn, hüquqla bağlı olan sahədə sözlərdə ciddi axtarış getmir. Burada da əcnəbi sitatlar, terminlər var. Təhsil və səhiyyə ilə bağlı da eyni durumdur. Dərmanların tərcümələri, izahları bərbad vəziyyətdədir. Bilmirsən hansı dildə yazılıb. İnternet məkanında da dərman reklamları, təxminən, eyni səviyyədədir. Sözsüz ki, sosial medianın dili ilə beynəlxalq səviyyədə təmsil olunan vikipediya məlumatları, ayrı-ayır şəxsiyyətlərin təqdimatları ilə bağlı olan mətnlər biabırçı vəziyyətdədir. Özün haqqında oxuyursan, bilmirsən bunu kim haradan tərtib edib və nə vaxtın məlumatlarıdır. İqtisadiyyatla bağlı terminlər də dilimizdə kifayət qədər çoxdur. Bu daha da genişləndirilə bilər. Texnologiyanın, sənaye müəssisələrinin ayrı-ayrı sahələrinə aid mütəxəssislər var, onların yardımı ilə dilə gələn əcnəbi sözlərin özününküləşdirilməsi, qarşılığının tapılması sahəsində geniş iş getməlidir. Bu arası kəsilməyən bir prosesdir. Bunsuz dilimiz yaxın vaxtlarda öz təmizliyini itirə bilər. Təzədən orta əsrlərin dili vəziyyətinə qayıda bilərik. Bu çox ciddi məsələdir.