
BAKI, 27 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin məhkəmə sisteminin auditə ehtiyacı olduğunu bildirib. O, Vaşinqton və Nyu-York məhkəmələrini "ən korrupsiyalaşmış və radikal" adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Ölkəmizin bir çox yerində məhkəmə sistemi pozulub, Nyu-York və Vaşinqton korrupsiya və radikalizmdə öndə gedir. Bu saxta sistem çox gec olmadan dərhal araşdırılmalıdır", - deyə o bildirib.
O, xüsusilə ABŞ-dən miqrantların deportasiyasına məhdudiyyətlər qoyan hakim Ceyms Boasberqi son dərəcə qərəzli adlandırıb və onu prezidentə qarşı məhkəmə işlərini bilərəkdən öz üzərinə götürməkdə ittiham edib.
"Hakim Ceyms Boasberqin mənimlə bağlı dördüncü işi alması nə qədər biabırçılıqdır. Bu, statistik olaraq mümkün deyil", - deyə Tramp əlavə edib. O, Vaşinqton məhkəmələrində ədalətli qərar verilməsinin mümkünsüz olduğunu da vurğulayıb.
Xatırladaq ki, hazırda Nyu-York məhkəmələri Trampı və onun şirkətini aktivlərinin dəyərini şişirtməkdə ittiham edərək, 370 milyon dollar cərimə tətbiq edib və onların ştatda daşınmaz əmlak sənayesində iştirakına qadağa qoyulmasını tələb edir. Bundan əlavə, Nyu-York apellyasiya məhkəməsi Trampın ödəməli olduğu girov məbləğini 454 milyon dollardan 175 milyon dollara endirib.