Bakı, 15 mart. TELEQRAF

"Qəzzada atəşkəsin davamlı olması üçün dünya dövlətlərinin dəstəyi vacibdir".

Bunu Teleqraf-a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlu deyib.

O bildirib ki, dünya hazırda böyük ədalətsizlikliklə üz-üzədir:

"Bütün ictimaiyyətin diqqəti Qəzzadakı məsələlərə yönəlməlidir. 50 min insan günahsız şəkilə həlak olub. Amma böyük dövlətlər bunu görməzdən gəlir".

E.İhsanoğlu Rusiya-Ukrayna müharibəsindən də bəhs edib:

"Avropa sözügedən məsələdə bir olmalıdır. ABŞ ilə Avropa İttifaqı arasında vəziyyət gərginləşən xətt üzrə inkişaf edir. Birləşmiş Ştatlar Qərb ölkələrini təhdid edir. Ancaq sıx dialoq müharibənin bitməsinə səbəb ola bilər. Bütün hallarda dünyada qalib gəlmək üçün güclü olmalısan".

Müsahibim münaqişələrin başa çatdırılması məsələsində Azərbaycan nümunəsini diqqətə çatdırıb:

"Baxın, Azərbaycan Qarabağ məsələsində haqsızlığı güc yolu ilə həll etdi. Uzun illər torpaqlarınız işğal altında idi. Amma güclü ordu sayəsində zəfər əldə etdiniz. İslam ölkələri arasında az ölkə Azərbaycan qədər böyük uğur qazanıb. Rəsmi Bakı kimi ünvanı doğru seçmək lazımdır".