BAKI, 22 dekabr. TELEQRAF

"Son zamanlar ticarət dövriyyəmiz obyektiv səbəblərdən bir qədər azalıb. 2025-ci ilin 11 ayında 7.5 faiz azalma qeyd olunub (5.2 mlrd. $)".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, iqtisadi-ticari sahə Azərbaycan və Türkiyə əlaqələrin əsasını təşkil edir. Türkiyə Azərbaycanın həm idxalda (3-cü), həm ixracda (2-ci), həm də ikitərəfli ticarət dövriyyəsində (2-ci) əsas tərəfdaşlarından biridir.

"Bu rəqəmlər heç də ölkələrimizin inkişaf templərinə cavab vermir. Mövcud iqtisadi potensialımız və coğrafi üstünlüklərimiz göstərir ki, ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real və istifadə olunmamış imkanlar mövcuddur.

Ticarət dövriyyəsinin artırılması strateji əhəmiyyət daşıyır və əminəm ki, bu gün biz bu barədə ətraflı danışacağıq. Preferensial Ticarət Sazişinin nəticələrini təhlil edərək əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir".

O qeyd edib ki, qarşılıqlı ticarətin artırılmasına xidmət edən əsas amillərdən biri də kənd təsərrüfatı mallarının idxal-ixracıdır.

"Diqqətinizə çatdırım ki, 2024-cü ilin 1 iyul tarixindən etibarən qida obyektləri üzrə Türkiyənin təsdiq sisteminin ekvivalentliyi birtərəfli qaydada Azərbaycan tərəfindən tanınmışdır.

Buna baxmayaraq Azərbaycandan Türkiyəyə yüksək riskli məhsulların ixracına ümumiyyətlə icazə verilmir və müvafiq təsdiq sisteminin ekvivalentliyinin tanınması məsələsinə baxılmır. Bu məsələnin müsbət həllinə çox ümidvarıq.

Qida təhlükəsizliyi ilə bağlı məsələlər barədə də bu gün bizə məruzə olunacaq.

Eyni zamanda sabah baş tutacaq 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumunun əhəmiyyətini də vurğulamaq istərdim. Forum biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, investisiyaların təşviqi və prioritet sahələr üzrə yeni birgə layihələrin müəyyənləşdirilməsinə şərait yaradır.

Bütün bunlar ticarət dövriyyəsinin artırılması hədəfinə xidmət edir".