Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi xarakterə malikdir. Bu səfər böyük əhəmiyyət daşıyır. Dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatəsi həqiqətən ikitərəfli əlaqələrin inkişafında yeni bir mərhələ hesab olunur. Səfər çərçivəsində iki ölkə arasında 20-ə qədər sənəd imzalanıb. İmzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında imzalanan Bəyannamə mühüm əhəmiyyət kəsb edir:

“Ölkə başçılarının birgə bəyanatında səslənən məsələlər strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılan addımların mahiyyətini nümayiş etdirir. Eyni zamanda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsi də xüsusi diqqətə malikdir. Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir”.

Millət vəkili hesab edir ki, xarici siyasətdə, beynəlxalq təşkilatlarda əməkdaşlıq baxımından müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığı olduqca vacibdir: “Hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi də böyük önəmə malikdir. Azərbaycanla Özbəkistan hökuməti arasında hərbi sahədə, eyni zamanda hərbi-texniki əməkdaşlıq haqqında saziş də olduqca önəmlidir. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın geişləndirilməsi də vacib məsələlərdəndir. Bununla yanaşı sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi istiqamətində də birgə addımlar atılacaq. Bütün bunlar iki ölkə arasında münasibətlərin artıq yeni bir müstəvidə inkişafına zəmin yaradacaq”.

Deputat Özbəkistanın keçmiş münaqişədə hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini xatırladıb: “Vətən müharibəsi dövründə Özbəkistan Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatları dayandırmağı məsələni suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, sülh yolu ilə həll etməyə çağırışlar edib. II Qarabağ müharibəsindən sonra Özbəkistan işğaldan azad edilmiş ərazilərdə bir sıra layihələrin icrasında təşəbbüskardır”.