Ermənistan hər vəchlə indiki mərhələdə vaxt udmağa çalışır. Hazırda orada çalxalanma, təlatüm yaşanır. İrəvandakı iqtidar da bu məsələlərə qarşı adekvat davranmır. Ona görə də Ermənistan siyasi rəhbərliyi qarşısında şərtlər irəli sürülməlidir. Üçtərəfli sənədlərə Ermənistan rəhbərliyi imza ataraq, üzərinə öhdəliklər götürüb. Amma qarşı tərəf bu günə qədər üzərinə düşən öhdəlikləri icra etməyib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Onun fikrincə, Azərbaycan bütün razılaşmalarda olduğu kimi Ermənistanla imzalanan üçtərəfli sənədlərdə də nəzərdə tutulmuş məsələləri icra edib:

“Sonuncu Brüssel görüşündən sonra müəyyən məsələlərdə irəliləyişin olduğu müşahidə edildi. Hər iki tərəfdən sərhədlərin dəqiqləşməsi ilə bağlı komissiyalar da formalaşdırıldı. Amma bundan sonra Ermənistan tərəfi təxribatlara əl atmağa başladı. İddia etdilər ki, guya sərhəd xəttində hansısa bir erməni əsgəri Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində yaralanıb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi bəyanat yaydı. Hətta Dövlət Sərhəd Xidməti görüntüləri də ictimaiyyətə təqdim etdi ki, əslində hadisə necə baş verib. Məlum oldu ki, erməni əsgərləri öz aralarındakı insident nəticəsində güllə yarası alıb. Amma qarşı tərəf bundan prosesi pozmaq üçün istifadə etməyə çalışdı”.

Millət vəkili hesab edir ki, Ermənistan sülh prosesinə nə qədər maneə olmağa çalışsa, bu onun özünə ziyan vuracaq:

“Üçtərəfli razılaşmalara imza atmış Rusiya da bu məsələlərdə bir qədər fəal olmalıdır. Çünki hər bir tərəf imza atdığı sənədə görə cavabdehlik daşıyır. Bu gün Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyəti ilə bağlı da məsələlərə aydınlıq gətirilməlidir. Onların Qarabağda hələ də qalmış separatçılara bu və ya digər formada himayəçilik etməsi heç bir halda qəbul edilmir. Əslində isə rus sülhməramlıları bölgədən qanunsuz silahlıların dərhal çıxarılmasını təmin etməli idi”.

Eldar Quliyev Ermənistanın Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Brüssel danışıqlarını da zərbə altında qoyduğunu söyləyib:

“Bu hallar Ermənistanın bir dövlət kimi sabit siyasi xəttə malik olmamasından qaynaqlanır. Çünki Ermənistanda bu gün küçələrə çıxan keçmiş “Qarabağ klanının” təmsilçiləri olan Köçəryan-Sərkisyan və əlaltıları mümkün qədər prosesi pozmağa çalışır. Bunların fonunda isə Ermənistan iqtidarı özünün zəifliyini, acizliyini nümayiş etdirir. Sözsüz ki, Ermənistanın isə bu cür qeyri-adekvat davranışları Azərbaycanı növbəti dəfə Dəmir Yumruğa əl atmasına sövq edə bilər. Bunun nəticəsini də qarşı tərəf yaxşı dərk etməlidir. Ona görə də sülh müstəvisində aparılan danışıqları sabotaj etmək, imitasiya xatirinə hansısa addımları atıb sonradan pozuculuğa yol vermək nəticə etibarı ilə Ermənistanı çıxılmaz duruma salacaq”.