“Brüssel görüşü ilə bağlı gözləntim bundan ibarətdir ki, Azərbaycan və Ermənistan liderləri daimi fəaliyyət göstərən sülh masasının qurulması ilə bağlı qərar verə bilərlər. Bu sülh masası Avropa şəhərlərindən birində və ya Tiflisdə qurula bilər ki, daimi fəaliyyət göstərə bilsin. Yəni belə bir işlək qurumun yaradılması mümkündür. Bu qurum da Azərbaycan tərəfindən irəli sürülmüş 5 şərt ətrafında müzakirələri genişləndirə və intensivləşdirə bilər. Çünki 5 prinsiplə bağlı Ermənistan tərəfindən ciddi etiraz yoxdur”.

ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Gürcüstanın Cənubi Osetiya bölgəsindəki separatçı rejim Rusiyaya birləşmək haqqında referenduma hazırlaşır. Rusiyadan olan ayrı-ayrı siyasətçilər buna müsbət baxırlar, Kreml isə hələlik susur. Yəni Kremlin mövqeyi necə ola bilər, buna gedəcəkmi?

- İnanmıram ki, Cənubi Osetiyadakı qondarma respublikanın rəhbərliyi Kremldən razılıq almadan belə bir bəyanat versin. Çox gümün ki, bu məsələ əvvəlcə Kremllə razılaşdırılıb. Hesab edirəm ki, biz Kremldən gələn təklifin qondarma respublikanın rəhbərliyi tərəfindən səsləndirilməsinin şahidi olduq. Yəni onlar özbaşına belə təşəbbüs və bəyanatla çıxış edə bilməzdilər. Yaxın zamanlarda belə bir “referendum”un keçirilməsi və ya Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi ilə bağlı qərar verilə bilər. Bu ehtimal ciddidir.

Baş verənlər həm də onunla əlaqədardır ki, Rusiya Ukraynada çox ciddi problemlərlə qarşılaşdığından öz əhalisi üçün müəyyən “uğur hekayəsi” yaratmalıdır, ona müsbət mesajlar verməlidir. Orta statistik Rusiya vətəndaşı da torpağın genişlənməsini “böyük uğur” kimi görür. Hətta onlar 300 illik imperiya tarixindən nəticə çıxarmadan, böyük dövlət olmağın yolunun torpaqların genişləndirilməsindən keçdiyini düşünürlər.

Buna görə də, Cənubi Osetiya məsələsinin Ukrayna hadisələri ilə əlaqəli olduğunu düşünürəm. Ukraynadakı uğursuzluqları kompensasiya etmək üçün torpaqların genişləndirilməsinin Osetiya üzərindən həyata keçirilməsi ilə bağlı qərar verilib ki, bununla da Rusiya əhalisinə “hədiyyə” verməyi qarşılarına məqsəd qoyublar.

- Bəs Gürcüstanın buna reaksiyası necə ola bilər: gürcülər öz vətənləri uğrunda ruslarla döyüşəcəklərimi?

- Düşünmürəm ki, Gürcüstan ən azı indiki vaxtda yeni cəbhə açacaq. Yəni Cənubi Osetiya ilə döyüşə girmək, Rusiya ilə üz-üzə qalmaq deməkdir. Ona görə də, bunun olacağını düşünmürəm. Amma Gürcüstan bununla bağlı beynəlxalq kampaniyaya başlayaraq, yəni indiki durumdan istifadə edərək, Qərbin Rusiyaya qarşı daha da aqressivləşdirilməsi üçün müəyyən addımlar ata bilər. Yəni Rusiyaya qarşı sanksiyaların daha da artırılması, işğal faktının beynəlxalq hüquq çərçivəsində qeydə alınması kimi hüquqi-prosedur addımların atılmasına çalışacaq.

Yenə də deyirəm ki, ən azı indiki şəraitdə Cənubi Osetiyada hərbi əməliyyatların başlaması mümkün görünmür. Bu o zaman ola bilər ki, Rusiyanın Ukraynada çox ciddi hərbi məğlubiyyəti reallaşmağa, rus ordusu geri çəkilməyə başlayacaq. Gürcüstan belə bir fonda addımlar ata bilər. Amma bunun yaxın zamanlarda ola biləcəyini düşünmürəm.

Zənn etmirəm ki, Ukraynada Rusiya üçün pat vəziyyəti yaranıb. Hələlik Rusiya Ukraynada tam hərbi qələbə qazanmasa da, hərbi baxımdan məğlub da görünmür. Təəssüf ki, indiki şəraitdə Ukraynanın da tam hərbi qələbə qazanması mümkünsüzdür.

- Ukraynadan başlayıb Gürcüstana qədər gələn bu separat tendensiya bizim üçün – Qarabağ üçün risk yaradırmı və bunun qarşısını necə ala bilərik?

- Əlbəttə, Azərbaycanın atdığı addımlar və aparılan hesablamalar, doğru-düzgün qurulmuş xarici siyasət müəyyən təhlükələrdən sığortalanmağa imkan verir. Bir tendensiya da var ki, ümumiyyətlə, Ermənistan Xankəndi və ətrafında yaşayan, Azərbaycan vətəndaşı olan ermənilərin problemlərini öz çiyinlərindən atmağa çalışır. Bu problemdən kənarda qalmaq istəyir ki, yalnız Azərbaycan və Ermənistan arasındakı problemlərin həllini sürətləndirərək, sülh müqaviləsi bağlasın.

Çünki Ermənistan da anlayır ki, Rusiyanın zəifləməsi və iqtisadiyyatındakı problemləri mütləq ona da sirayət edəcək. Bu təsadüfi deyil: Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyadan asılıdır. Bunun da alternativi Qərblə yaxınlaşmaq və ya ora çıxışların genişləndirilməsidir ki, bunun yolu da Azərbaycan və Türkiyə üzərindən keçir.

Ermənistanın bundan başqa istər coğrafi, istərsə də iqtisadi baxımdan alternativi yoxdur. Bunu Ermənistan da anlayır.

Ermənistanın bu yükü çiynindən atmaq istəyi Azərbaycana müəyyən üstünlüklər versə də, bir sıra problemlər də yarada bilər, çünki Xankəndi və ətrafında yerləşən “sülhməramlılar” oradakı qondarma qurumla təmasadırlar. Yəni onları de-fakto tanıyırlar. Gələcəkdə müəyyən problemlər yarana bilər ki, həmin qondarma qurumu de-yure tanımağa da cəhd edə bilərlər.

Demirəm ki, bu mütləq baş verəcək, amma belə bir təhlükənin olması mümkündür. Buna görə də Azərbaycanın hesablanmış addımlar atması və ehtiyatlı olması doğrudur. Bu məsələdə tələskənliyə yol vermək olmaz. Bütün hallarda təhlükəni həmişə yadda saxlayaraq, uyğun addımların atılmasında yarar var.

- Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüş barədə nə düşünürsünüz: orada hansı anlaşma əldə edilə bilər, ümumiyyətlə, Avropa Birliyi vasitəçilik rolunu öz əlinə ala bilərmi?

- Brüsseldə bundan əvvəl də iki ölkənin rəhbərinin görüşü olub. Həmin görüşdə humanitar məsələlərlə bağlı anlaşma əldə edilmişdi. Bu baxımdan, Brüssel görüşünün Rusiyadakı təmaslardan daha məhsuldar olduğunu düşünürəm. Ən azı humanitar sahədə irəliyə doğru addım atılmışdı. Bu nötqeyi-nəzərdən Brüsseldəki bu görüşdə də müəyyən irəliləyişin olması mümkündür.

Düzdür, gözləntini yüksəltməyə də dəyməz, orada sülh müqaviləsinin imzalanacağını gözləmirəm, amma ən azı bu yöndə ciddi addımlar atıla bilər.

Brüssel görüşü ilə bağlı gözləntim bundan ibarətdir ki, Azərbaycan və Ermənistan liderləri daimi fəaliyyət göstərən sülh masasının qurulması ilə bağlı qərar verə bilərlər. Bu sülh masası Avropa şəhərlərindən birində və ya Tiflisdə qurula bilər ki, daimi fəaliyyət göstərə bilsin. Yəni belə bir işlək qurumun yaradılması mümkündür. Bu qurum Azərbaycan tərəfindən irəli sürülmüş 5 şərt ətrafında müzakirələri genişləndirə və intensivləşdirə bilər. Çünki bu 5 prinsiplə bağlı Ermənistan tərəfindən ciddi etiraz yoxdur.

- Bəs Brüsselin fəallaşmasını nəzərə alan Moskva Bakı və İrəvanla əldə etdiyi üçtərəfli anlaşmaların icrasını sürətləndirə bilərmi?

- Bəli, Moskvada qısqanclıq var. Azərbaycan və Ermənistanın Moskvanın orbitindən kənarda görüşməsi və müəyyən anlaşmalar əldə etməsi onda qıcıq yaradır. Amma indi - Ukraynada üzləşdiyi durumda Rusiyaya “müsbət hekayə” lazımdır. Yəni bir “sülh quruculuğu” imici də lazımdır ki, dünyada yerlə-yeksan olan nüfuzunu müəyyən qədər bərpa edə bilsin. Bu baxımdan, düşünürəm ki, Moskva da prosesin sürətlənməsində müəyyən qədər maraqlı ola bilər.

Təbii ki, Azərbaycan və Ermənistan Rusiya ilə təmasları kəsməyəcək. Hətta Brüsseldə hansısa bir anlaşma olsa, Rusiyanın müsbət rolununun rəsmi açıqlamalarda vurğulanmasının şahidi ola bilərik. Bunun özü də maraqlı siyasi-diplomatik gediş ola bilər ki, Rusiyada bu prosesə qıcıq yaranmasın.