BAKI, 2 iyun. TELEQRAF
2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə həyata keçirdiyi enerji siyasətinin nəticələrini, ölkənin beynəlxalq enerji təhlükəsizliyində artan rolunu və gələcək inkişaf prioritetlərini əhatə edən mühüm mesajlarla yadda qaldı. Bu gün Bakı Enerji Həftəsi təkcə regional deyil, eyni zamanda qlobal enerji gündəliyinin müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu təşəbbüs zaman keçdikcə genişlənərək dünyanın aparıcı enerji şirkətlərini, hökumət nümayəndələrini və ekspertlərini bir araya gətirən mühüm beynəlxalq tədbirə çevrilib.
Bunu Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi iqtisadi və siyasi çətinliklərlə üzləşdi:
“Ölkə iqtisadi böhran yaşayır, enerji daşıyıcılarını idxal edir, yoxsulluq və işsizlik yüksək səviyyədə qalırdı. Belə bir şəraitdə enerji resurslarının səmərəli idarə olunması dövlət strategiyasının əsas istiqamətinə çevrildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, neft və qaz gəlirləri yalnız hasilatın artırılmasına deyil, həm də sosial infrastrukturun, təhsil və səhiyyə sistemlərinin inkişafına, müasir ordunun qurulmasına və iqtisadiyyatın gücləndirilməsinə yönəldildi. Bu siyasət nəticəsində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldı, xarici borc minimum həddə endirildi və ölkənin valyuta ehtiyatları formalaşdırıldı. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlərin mövcudluğu deyil, həmin resurslardan əldə olunan gəlirlərin necə idarə olunması ölkənin inkişaf səviyyəsini müəyyən edən əsas amildir.
Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri ölkənin enerji ixracı imkanlarını genişləndirərək Avrasiyanın enerji xəritəsini dəyişdirib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji tarixində xüsusi yer tutan “Şahdəniz” qaz yatağı üzrə müqavilənin imzalanmasının 30 illiyini xatırladaraq qeyd etdi ki, bu layihə ölkənin müasir qaz sənayesinin əsasını qoyub. Xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının şaxələndirilməsində strateji əhəmiyyət daşıyan layihədir. Bu gün Azərbaycan qazı Avropa və digər regionlarda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu göstəricinin özü Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticələrini aydın şəkildə göstərir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında enerji siyasətinin yalnız neft və qaz sektoru ilə məhdudlaşmadığını da vurğuladı:
“Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr ölkənin gələcək inkişaf strategiyasında mühüm yer tutur. Planlara əsasən, 2027-ci ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə istehsal gücü 2 giqavata, 2032-ci ilin sonuna qədər isə 8 giqavata çatdırılacaq. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Yaşıl enerji istehsalının genişləndirilməsi daxili enerji istehlakında qaz sərfiyyatını azaltmağa, əlavə qaz həcmlərinin ixracına və ölkənin ekoloji hədəflərinə nail olunmasına xidmət edəcək.

Azərbaycan son illərdə yalnız enerji istehsalçısı deyil, həm də regional enerji və nəqliyyat qovşağı kimi mövqeyini gücləndirib. Qara dəniz Enerji Kabeli layihəsi və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə nəzərdə tutulan enerji infrastrukturu Avropa ilə enerji inteqrasiyasını daha da dərinləşdirəcək. Eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində əməkdaşlıq yeni regional əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır. Bu layihələr Azərbaycanın Şərqlə Qərb arasında strateji körpü rolunu daha da möhkəmləndirir.
Bakı Enerji Həftəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan enerji siyasətini uzunmüddətli milli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi görür. Son 30 ildə neft və qaz gəlirlərinin iqtisadi və sosial inkişafın təmin edilməsinə yönəldilməsi ölkənin dayanıqlı inkişaf modelinin formalaşmasına imkan verib. Bu gün Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji keçidinə fəal şəkildə qoşulan ölkə kimi çıxış edir. Enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və bərpaolunan enerji istiqamətində həyata keçirilən layihələr Azərbaycanın qlobal enerji sistemində rolunun gələcək illərdə daha da artacağını göstərir”.