BAKI, 2 iyun. TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Mətin bəy, Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyət hər ötən gün gərginləşir. Bu daha çox hansı amillərlə bağlıdır? Mandat qazanmaq uğrunda mübarizə aparan siyasi qüvvələrdən başqa prosesin daha kəskin xarakter almasında maraqlı qüvvələr varmı?
- Ermənistanda seçkilər ərəfəsində vəziyyət kifayət qədər mürəkkəb və gərgindir. Bunun da əsas səbəbi odur ki, istər hakimiyyət, istərsə də ona müxalif olan siyasi qüvvələr bir-birlərinə qarşı olduqca kəskin mövqedədirlər. Bütövlükdə Ermənistan cəmiyyətində ciddi bir qütbləşmə proseslərinin getdiyi müşahidə edilir.
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində diqqəti cəlb edən digər vacib məqam xarici aktorların, yəni xarici güc mərkəzlərinin, dövlətlərin bu proseslərə müdaxilə cəhdləridir. Görünən odur ki, daxildəki siyasi proseslər, seçki prosesi artıq Ermənistan hüdudlarını xeyli aşıb. Belə demək mümkündürsə, Ermənistandakı seçkilər, siyasi proseslər bir növ geosiyasi qarşıdurma meydanına, poliqonuna çevrilib.

- İndiki halda Baş nazir Nikol Paşinyana Qərbdən, xüsusən də ABŞ-dən ən yüksək səviyyədə açıq dəstək var. Bu amil proseslərə necə təsir edə bilər?
- Yəni, Paşinyanın timsalında Ermənistan hakimiyyətinə Qərb tərəfindən, xüsusilə də Amerika Birləşmiş Ştatları tərəfindən ciddi dəstək müşahidə edilir. ABŞ Prezidenti Donald Tramp və digər Amerika rəsmiləri Paşinyana öz siyasi dəstəyini müxtəlif vasitələrlə nümayiş etdirirlər. Qərb ciddi surətdə çalışır ki, bu seçkilərdə Nikol Paşinyan və komandası öz hakimiyyətini qorusun.

- Bu dəstəyin arxasında hansı amillər dayanır?
- Qərbin Paşinyana dəstək verməsinin əsas səbəbi başqadır. Onlar hesab edirlər ki, Paşinyan bu seçkilərdə də qalib gəlsə, artıq Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq, Qərbə yaxınlaşdırmaq siyasətini daha sürətlə davam etdirəcək. Yəni, bir növ burada ABŞ-nin və Qərbin geosiyasi məqsədləri var.
- Kremlin Ermənistandakı seçkilərlə bağlı əsas hədəfi nədir?
- Rusiya Ermənistanda Paşinyana əks olan revanşist qüvvələrə ciddi dəstək nümayiş etdirir. Həmçinin Ermənistan hakimiyyətinə qarşı sərt ritorikadan istifadə edir. Təbii ki, Rusiyanın da əsas məqsədi odur ki, bu seçkilər vasitəsilə Nikol Paşinyanı və onun komandasını hakimiyyətdən devirsin. Kreml buna nail olmasa da onların mövqeyini Ermənistanda xeyli zəiflətmək niyyətindədir.

- Ermənistandakı seçkilərlə bağlı ilkin rəy sorğuları nədən ibarətdir?
- Son günlər Ermənistan daxilində müəyyən rəy sorğuları keçirilir. İctimai əhvali-ruhiyyə hər halda onu deməyə əsas verir ki, Nikol Paşinyanın partiyasının seçkilərdə qalib gəlmək ehtimalı, şansı rəqibləri ilə müqayisədə daha çoxdur. Amma burada digər vacib məsələ ondan ibarətdir ki, Nikol Paşinyanın komandası, partiyası bu seçkilərdə hansı üstünlüklə qalib gələcək? Yəni, onlara lazımdır ki, parlamentdə əzici üstünlüyə, konstitusion çoxluğa nail olsunlar. Çünki vacib məsələləri məhz parlamentdə səsvermə vasitəsilə reallaşdırmaq üçün bu lazımdır. Amma nisbi uğur, üstünlük və qələbə Ermənistan daxilində Nikol Paşinyanın mövqeyini və gücünü zəiflədə bilər.

- Seçkidən sonrakı vəziyyətlə bağlı ilkin proqnozlar necədir?
- Parlament seçkilərdən sonra da, xüsusən də Ermənistan müxalifətinin, revanşist qüvvələrin bəyanatları mövcuddur. Onlar seçkilərdən sonrakı dövrə də hazırlaşırlar. Ola bilsin ki, seçkilərdən sonra da Ermənistanda növbəti bir siyasi böhran yaransın. Hətta proseslərin qarşıdurma müstəvisinə keçməsi də gözlənilir. Bütün bunların fonunda Ermənistanda seçki sonrası etiraz aksiyaları və daha zorakı aktların olacağı da ehtimal olunur.