Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-a eksklüziv müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının başçısı Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu görüşdən gözləntinizi bizimlə bölüşə bilərdinizmi?
- Bu, önəmli bir görüş olacaq. Aprelin 6-da Avropa İttifaqı Şurasının başçısı Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla növbəti görüşü baş tutacaq. Bu, danışıqların davamıdır. Görüşdə sülh sazişi və nəqliyyat dəhlizi ilə bağlı müzakirələr olacaq. Problemlərlə yaxından tanış olub, aradan qaldırmağa çalışacaqlar.
Sülh sazişinin detalları, nəqliyyat dəhlizi ilə bağlı məsələlər, o cümlədən delimitasiya və demarkasiya məsələsi də həll olunmalıdır.
- Qarabağdakı son gəlişmələri necə qiymətləndirirsiniz? Bölgədəki ermənilər Rusiya sülhməramlıların gözü qarşısında silahlandırılır. Yeni qarşıdurmaya hazırlıqdırmı, ermənilər buna gedərlərmi?
- 44 günlük müharibədən sonra bu münaqişə öz həllini tapdı və cənab Prezident İlham Əliyev bəyan etdi ki, artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. İndi biz sülhə nail olmalıyıq.
Qarabağda yaşayan ermənilər birmənalı başa düşməlidirlər ki, Azərbaycan vətəndaşı ola bilərlər. Nikol Paşinyan deyir ki, söhbət ərazidən getmir, söhbət erməni əhalisindən və hüququndan gedir. Bunun da çox sadə cavabı var, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri yaşayırlar, onların hüquqları Azərbaycan konstitusiyası ilə təsbit olunur.
Azərbaycan konstitusiyası ilə ermənilərin də hüququnu qorunur. Əsas məsələ odur ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarını mütləq şəkildə qəbul etsinlər. Bununla da Azərbaycanda yaşayan digər millərin nümayəndələri kimi yaşamağa davam etsinlər və inkişaf eləsinlər.
- Vladimir Putin İlham Əliyevə telefon zəngində üçtərəfli anlaşmaların yerinə yetirilməsi məsələsini müzakirə etdi. Ukraynada baş verən olaylar və Rusiyaya beynəlxalq təzyiqlərin artması fonunda bu üçtərəfli anlaşmaların reallaşdırılması sürətlənə bilərmi?
- Yaxşı sualdır, əsas məsələ ikitərəfli sazişə nəzər salsaq, dördüncü bənddir. Qarabağda qalan Ermənistan silahlıları çıxmalıdırlar. Bu məsələ bizim üçün çox vacibdir. Qarabağda son zamanlar baş verənləri izləyirik, Fərrux kəndi Azərbaycanın nəzarəti altına keçdi, bütün bunlar vaxt tələb edir. Amma digər tərəfdən bu qaçılmaz məsələdir, gec-tez Azərbaycan tam şəkildə suverenliyini bərpa edəcək.
- Paşinyanın açıqlamaları ziddiyyətlidir. O, həm Azərbaycanın 5 sülh şərtini qəbul etdiyini deyir, həm də bölgədəki qanunsuz silahlıların çıxarılmasının mümkünsüzlüyündən danışır. Bu ziddiyyət nədən irəli gəlir?
- Azərbaycan tərəfi öz mövqelərini açıq çəkildə ifadə edib, Ermənistan tərəfinə sülh sazişi üçün beş bəndlik təklif təqdim edib. Ermənistan tərəfi isə cavab verib ki, bu beş bənd bizi qane edir.
Azərbaycan tərəfi öz fikirlərini, öz bəndlərini açıq şəkildə mətbuata bəyan edib. Ermənistan tərəfi isə sözdə danışırlar, heç kim bilmir ki, hansı mövqedədirlər. Aprelin 6-da Brüsseldə baş tutacaq görüşdə ermənilərin fikirləri aydın olacaq.
- Hücum diplomatiyası termini mövcuddur. Siz uzun müddət baş diplomat kimi çalışmısınız. Bunun əsas istiqamətləri haqqında nə deyə bilərsiniz?
- BMT-nin Təhlükəsizlik Şurasında 4 qətnaməni qəbul ediləndə Azərbaycanın diplomatiyası ondan ibarət idi ki, bütün beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. İstəyimiz o idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyərkən xarici dövlətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını şübhə altına almasınlar.
Azərbaycan öz torpaqlarını azad etdi. Biz 44 günlük müharibə ilə buna nail olduq. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat öz mövqeyini dəyişmədi, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.
- Müharibədən sonra Ermənistan xarici işlər naziri bir neçə dəfə dəyişib. Sizcə, problem diplomatlarda idi, yoxsa başqa məqamlar var?
- Bu haqda danışa bilmərəm, bu Ermənistanın daxili işidir, kimi istəyirlər xarici işlər naziri edirlər, dəyişirlər. Ermənistanın xarici işlər nazirinin dəyişməsinə şərh verə bilmərəm.
- Türkiyə Rusiya və Ukrayna arasındakı vasitəçiliyi ilə diqqət çəkir. Artıq İstanbulda ilk görüş keçirilib, üstəgəl, hər iki ölkənin liderinin Türkiyədə görüşəcəyinə ümid də hər gün artır. Sizcə, Ankaranın vasitəçiliyi nəticə verəcəkmi?
- Türkiyənin Rusiya və Ukrayna vasitəçiliyi böyük işdir və alqışlayıram. Bu göstərdi ki, Türkiyə geosiyasi liderlik imkanlarını da istifadə edərək Ukrayna-Rusiya görüşünü təşkil edir. Prezident Rəcəb Tayyib Ərdoğan özü də gəlmişdi, çıxış elədi, bu çox önəmlidir.
Ukrayna və Rusiya liderləri görüş barədə razılığa gəlsələr, alqışlanan hal olardı. Mənim fikrimi soruşursunuzsa, hesab edirəm ki, ilk növbədə atəşkəs rejimi təmin olunmalıdır. Ondan sonra danışıqlara davam etsinlər, hər iki tərəf hansı mövqedən çıxış etdiyini bəyan eləsin. İndiki zamanda əsas məsələ atəşkəs rejimidir.