BAKI, 1 iyun. TELEQRAF

Rusiyanın Ermənistanla bağlı yanaşmaları tamamilə dəyişib. Kreml indi bu ölkədəki vəziyyətə fərqli baxır. Orada çox ciddi hədəflər müəyyənləşdiriblər. Moskva Kriyenko (Sergey Kiriyenko Kremlin daxili siyasət kuratoru Sergey Kiriyenko) və Overçukun (Rusiya Baş nazirinin müavini Aleksey Overçuk) vasitəsi ilə burada çox ciddi araşdırmalar aparıb.

Bunu Teleqraf-a ReAl Partiyasının sədri Natiq Cəfərli Ermənistandakı seçkiöncəsi vəziyyəti şərh edərkən deyib.

Onun fikrincə, Kremldə anlayırlar ki, Ermənistanda ruspərəst qüvvələrin seçki yolu ilə qalib gəlmək şansı yoxdur:

“Erməni cəmiyyəti bu qüvvələrə güvənmir. Paşinyanın seçkilərdə rəqibi olan iş adamları Samvel Karapetyan, Qaqik Sarukyan, sabiq prezident Robert Köçəryan Rusiyaya bağlı olduqlarını özləri belə gizlətmirlər. Ona görə də Rusiya Paşinyanın alternativinin daha çox qərbpərəst bir şəxs olacağını anlayır. Elə bir şəxs ola bilər ki, Rusiya ilə ingilis dilində danışıq formalaşa bilər”.

Natiq Cəfərliyə görə, Paşinyan komandası isə hələlik Rusiya ilə rus dilində danışmağı bacarır:

“Kreml analitikləri isə Paşinyana daha çox təzyiq etməklə ona xal qazandırdıqlarını düşünürlər. Bu da reytinqlərdə özünü daha çox biruzə verir. Moskvanın ilin əvvələrində olan təzyiqləri fonunda Ermənistanın hazırkı iqtidarının nüfuzu 30-35 faizə qədər yüksəlib. Kreml Paşinyanın zəifləyib hakimiyyətdə qalmasında daha çox maraqlıdır. Seçki yolu ilə Rusiya öz adamını Ermənistanda hakimiyyətə gətirəcəyinin mümkünsüzlüyünü dərk edir. Sözsüz ki, Avropa İttifaqının, ABŞ-nin və Rusiyanın bölgə ilə bağlı fərqli məqsədləri olsa da, onlar ən azından Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar”.