BAKI, 31 may. TELEQRAF

Müasir dünyanın mürəkkəb geosiyasi proseslərlə müşayiət olunduğu dövrdə Azərbaycanın əldə etdiyi uğurlar dünya dövlətləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. Ölkəmiz qlobal miqyasda söz sahibi olan dövlətlərdən biri kimi formalaşıb. Azərbaycanın qazandığı bütün uğurların təməlində Möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və milli maraqlara əsaslanan strateji kursu dayanır.

Bunu Teleqraf-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, Azərbaycan siyasi, iqtisadi, diplomatik və humanitar sahələrdə mühüm nailiyyətlər əldə etməkdədir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz daxili sabitliyini və dayanıqlı inkişafını qorumaqla yanaşı, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu aktor kimi mövqeyini daha da gücləndirib.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasının ən mühüm göstəricilərindən biri ölkəmizin qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsidir. Bakı müxtəlif beynəlxalq forumların, siyasi dialoqların, iqtisadi sammitlərin və humanitar platformaların keçirildiyi nüfuzlu mərkəzlərdən biri kimi tanınır. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və ekspertlərin Azərbaycana göstərdiyi maraq ölkəmizə olan etimadın bariz nümunəsidir.
Azərbaycanın beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməsi dövlətimizin idarəetmə gücünün, təşkilatçılıq imkanlarının və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyinin göstəricisidir. Beynəlxalq enerji layihələri, qlobal humanitar təşəbbüslər, mühüm beynəlxalq forumlar ölkəmizin dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir".

Deputat bildirib ki, Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və inkişafın aparıcı qüvvələrindəndir:
"Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, multikulturalizm və qlobal əməkdaşlıq məsələlərində ölkəmizin irəli sürdüyü təşəbbüslər beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılanır. Azərbaycan regional əməkdaşlıq və inkişaf layihələrinin ayrılmaz iştirakçısıdır.

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri dünyanın diqqətlə izlədiyi inkişaf modelinə çevrilib. Azərbaycan dağıdılmış əraziləri qısa müddətdə müasir yaşayış məkanlarına çevirməklə güclü dövlət iradəsi və milli birliyin sayəsində böyük nəticələr əldə etməyin mümkün olduğunu bütün dünyaya nümayiş etdirir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövrlərindən birini yaşayır. Ölkəmizin artan beynəlxalq nüfuzu, regional və qlobal miqyasda güclənən mövqeyi, dünyanın aparıcı dövlətləri ilə qurduğu qarşılıqlı etimada əsaslanan münasibətlər Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsindədir.
Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı, nüfuzlu və beynəlxalq proseslərdə söz sahibi olan ölkə kimi tanınır.

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər keçən gün yeni zəfərlərə doğru addımlayır. Dövlətimizin gücü, xalqımızın birliyi və milli həmrəyliyimiz ölkəmizi daha böyük hədəflərə aparır. Qarşıdakı illərdə də üçrəngli bayrağımız zirvələrdə dalğalanacaq, Azərbaycan adı dünya dövlətləri sırasında daim qürurla səslənəcək".