BAKI, 1 iyun. TELEQRAF
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxundu, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğuladı. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirildi.
Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib. Bu, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında memorandumdur. ABŞ Prezidenti tərəfindən imzalanmış həmin xatirə nüsxəsində Azərbaycan dövlət başçısına öz xətti ilə yazılaraq ünvanlanmış səmimi müraciət yer alıb.