BAKI, 1 iyun. TELEQRAF

Uşaq hüquqları ilə bağlı əsas məsələlərdən biri də uşaqların zərərli informasiyadan qorunmasıdır. Bu gün bir uşağın gələcəyini təkcə ailəsi və məktəbi formalaşdırmır. Bəzən bir video, bir oyun və ya sosial şəbəkədə qarşısına çıxan bir xəbər onun düşüncəsinə günlərlə təsir edə bilir.

Bunu Teleqraf-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, əgər əvvəllər uşaqlar küçədə təhlükə ilə qarşılaşırdısa, bu gün həmin təhlükə bəzən rəqamsal dünyada gizlənir:

“Məhz buna görə informasiya təhlükəsizliyi bu gün sadəcə texnologiya mövzusu deyil. Bu, uşaqların psixologiyası, təhlükəsizliyi və gələcəyi ilə bağlı bir məsələdir.

Bu sahədə dövlət tərəfindən müxtəlif addımlar atılır. Xüsusilə məktəblərdə rəqəmsal texnologiyaların tətbiqi genişlənir, uşaqların rəqəmsal bacarıqlarının artırılması ilə bağlı layihələr həyata keçirilir, təhlükəsiz internet və kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər görülür. Bu, çox vacib addımdır.

Əsas məsələ uşaqlara internetdən sadəcə istifadə etməyi yox, internetdə özlərini qorumağı öyrətməkdir. Çünki internet həm böyük imkanlar yaradır, həm də risklər daşıyır".

Onun sözlərinə görə, uşaqların bu cür təhlükələrlə üzləşməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini də narahat edən məsələlərdəndir.

"Cari ildə Dövlət Komitəsi ilə “Roblox” qlobal platforması arasında görüş keçirilib, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması və mövcud risklərin qarşısının alınması istiqamətində geniş müzakirələr aparılıb”.

Sədr müavini bildirib ki, ancaq məsələ yalnız oyunlarla bitmir:

“Bu gün sosial şəbəkələrdə zorakılıq, cinayət, şantaj və aqressiya ilə bağlı xəbərlər çox sürətlə yayılır. Böyüklər üçün adi görünən bir xəbər uşağın düşüncəsində qorxu, narahatlıq və hətta dünyaya qarşı inamsızlıq yarada bilər. Çünki uşaq psixologiyası gördüyü hər informasiyadan təsirlənir.

Davamlı olaraq aqressiv videolar izləyən və ya şiddət dolu məzmunlarla qarşılaşan uşaqlar zamanla daha əsəbi, aqressiv və ya özünə qapanıq ola bilirlər. Bəzən problem texnologiyanın, informasiyanın özündə olmur. Problem nəzarətsiz istifadədə və uşağın rəqəmsal dünyada tək buraxılmasında olur.

Nəzərə almalıyıq ki, informasiya texnologiyaları çox sürətlə inkişaf edir. Bu səbəbdən, uşaqların təhlükəsizliyinin qorunması yalnız hüquqi mexanizlərlə məhdudlaşmamalı, həm də valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətinə çevrilməlidir. Çünki, rəqəmsal risklər mövcud filterləri aşaraq uşaqların gündəlik həyatına təsir göstərə bilir”.

Aynur Sofiyevaya görə, burada ən vacib məsələ odur ki, valideyn uşağın əlindən telefonu almağa çalışmamalıdır:

“Əksinə, onunla birlikdə internet dünyasını tanımalıdır, nəzarət etməlidir. Çünki qadağa hər zaman çıxış yolu olmur. Uşağa təhlükəni başa salmaq və düzgün istiqamət vermək daha vacibdir.

Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müxtəlif təlimlər, konfraslar təşkil edilir, çap materialları hazırlanaraq əhalinin çoxluq təşkil etdiyi yerlərdə yerləşdirilir. Həmçinin, Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri, rayon və məktəb nümayəndələri tərəfindən müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir”.