BAKI, 2 iyun. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində həm də ölkəmizin infrastruktur inkişafı, nəqliyyat və loqistika məsələlərinə toxundu. Enerji sektorunun inkişafı kontekstində infrastrukturun inkişaf etdirilməsinin Azərbaycan üçün hər zaman əsas prioritetlərdən olduğunu qeyd etdi. Təbii ki, infrastrukturun inkişaf etdirilməsi həm də nəqliyyat və loqistika üçün geniş imkanlar yaradır. Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və tam gücü ilə istifadəyə verilməsi bir tərəfdən Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacibdir. Bu, ölkə üzərindən beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu layihə həm də ölkənin gücünü göstərir:
“Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşmasının əsas təşəbbüskarı Azərbaycandır. Azərbaycan Gürcüstan hökumətinə bu istiqamətdə uzunmüddətli kredit təklif etdi və bu ölkə üzərindən sözügedən layihənin reallaşmasına nail olundu. Bu kontekstdən, Azərbaycanın mövqeyi Bakı-Tbilisi-Qars dəmir yolunun qurulmasında vacib rol oynayıb.
Artıq ötən müddətdə Bakı-Tbilisi-Qars dərin yolu xəttinin modernləşməsini müşahidə edildi. Bu xəttin ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırıldı. Bu da sözügedən dəmir yolu vasitəsilə daha çox yüklərin daşınmasına imkan yaradacaq”.
Deputat hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kifayət qədər müasir, sürətli və etibarlı loqistik xətdir:
“Bu xətt həm yük, həm də sərnişin daşınması üçün istifadə olunan bir istiqamətdir. Eyni zamanda, bu layihə Azərbaycan, Gürcüstan və digər ölkə vətəndaşlarının sözügedən xətdən istifadə etməsinə və səfərlər etməsinə şərait yaradacaq. Bu, həmçinin daha geniş coğrafiyada səfər imkanları deməkdir. Xüsusən nəzərə alsaq ki, bu gün dünyada qatar turizmi inkişaf etməkdədir, bu da regionda turizmin inkişafına öz töhfəsini vermək imkanı qazandıracaq”.

İqtisadçı ekspert vurğulayıb ki, Azərbaycan beynəlxalq tərəfdaşları ilə, eləcə də qonşuları ilə strateji əməkdaşlıqda maraqlıdır:
“Xüsusən Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq formalaşıb. Bu ölkələr ikitərəfli və çoxtərəfli platformalarda bir-birinin mövqelərini dəstəkləyir. BTQ-də bu baxımdan Azərbaycanın beynəlxalq tərəfdaşlıq imicini daha da gücləndirəcək mühüm layihədir.
Hazırda Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin güclənməsi müşahidə olunur. Bütün bunların kontekstində nəqliyyat və loqistikanın inkişafı Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. BTQ həm də Orta Dəhlizin imkanlarının genişləndirilməsinə dəstək olacaq. Çünki Orta Dəhliz, xüsusən Rusiya-Ukrayna müharibəsi və İrana qarşı sanksiyalar kontekstində daha çox maraq kəsb etməkdədir. Artıq yalnız Asiyanın və ya Çinin deyil, həm də Avropa ölkələrinin Orta Dəhlizə marağı kifayət qədər yüksəlib.
Sözsüz ki, Orta Dəhliz üzərindən daha çox yüklərin daşınması üçün də infrastrukturun genişləndirilməsi prioritet idi. BTQ-nin bu kontekstdə modernləşdirilməsi Orta Dəhlizin daha intensiv şəkildə istifadəsinə və region üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək.
Təbii olaraq regionda daha çox nəqliyyat və loqistik imkanların olması beynəlxalq yükdaşımalar baxımından vacibdir. O baxımdan, BTQ yeni mərhələdə region üçün alternativ deyil, beynəlxalq yükdaşımaları dəstəkləyən əsas xətlərdən biridir. Bu, region üzərindən daha çox yüklərin daşınmasına xidmət edəcək və regionun bütövlükdə geosiyasi mövqeyini artırmaqla, Azərbaycan və Gürcüstan daxil olmaqla, bir sıra region ölkələrinin dövlət gəlirlərinin çoxalmasına gətirib çıxaracaq”.