BAKI, 1 iyun. TELEQRAF

Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.

Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

"Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!

Bir sözlə, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq", - deyə dövlət başçısı qeyd edib.