“Sülhə xidmət edən hər bir addıma müsbət yanaşmaq lazımdır. Sadəcə olaraq söhbət vasitəçinin təsir imkanlarından gedir. Gürcüstan Ermənistana hansısa ciddi təsir göstərə bilərsə, bunun nəticəsində İrəvan sülh istiqamətində təsirli addım atarsa, əlbəttə bu müsbət hal olar”.

Bunu rəsmi Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçilik edərək regionda sülh və əməkdaşlı yaratmaq təşəbbüsünü Teleqraf.com-a şərh edən Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, Ermənistan daxilində revanşist mövqe tutan qüvvələrin Gürcüstanın bu təşəbbüsünə necə reaksiya verəcəyi suallar doğurur:

“Amma istənilən sülh təşəbbüsü təqdirəlayiqdir. Üstəlik tam anlamaq olar ki, Gürcüstanın bölgədə sülh istəyi müsbət haldır. Biz düşünürük ki, bizim bölgəni əməkdaşlıq, sülh, əmin-amanlıq regionuna çevirməyimiz müsbət haldır. Gürcüstan bu baxımından mühüm addımlar atır, təşəbbüslər göstərir”.

Bununla yanaşı Asim Mollazadə əmindir ki, Gürcüstanın bu təşəbbüsü müsbət olsa da, burada əsas məqam Ermənistana təsir məsələsidir:

“Gürcüstanın bu təşəbbüsünün perspektivi həm də Tiflisin Ermənistana təsir imkanları ilə əlaqəli olacaq”.