“Azərbaycan bir qlobal güc olan qonşusu Rusiyaya ciddi əhəmiyyət verir. Rusiya ilə həmsərhəd bir ölkəyik, eyni zamanda tarixi keçmişimiz var, bugünkü münasibətlərimiz də yüksək səviyyədədir, strateji tərəfdaşlıq münasibətlərimiz var. Eyni zamanda, Rusiyada çoxlu sayda soydaşımız yaşayır, bu baxımdan, Rusiya Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edən ölkədir”.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini Teleqraf.com-a şərh edən Yeddi Dövlət Bir Millət konseyinin başqanı Azər Həsrət belə deyib.
Konsey başqanı qeyd edib ki, qlobal güc olan Rusiya bu baxımdan da, Azərbaycan üçün əhəmiyyətlidir:
“Prezident İlham Əliyev Valday Klubunun toplantısına dəvət olunması, ümumiyyətlə Rusiya prezidenti tərəfindən ölkəmizin başçısına daim sayğı və diqqətin göstərilməsi, eləcə də onun zamanında ulu öndər Heydər Əliyevə hörmət bəsləməsi ikitərəfli münasibətlərin inkişafından xəbər verir.
Digər yandan, Rusiyanın Ermənistanla münasibətlərinin pisləşməsi fonunda bu ölkə ilə münasibətlərin inkişafı çox önəmlidir. Onu da vurğulamaq lazımdır ki, Ermənistandan fərqli olaraq, Rusiya prezidenti və dövlətinin Azərbaycana münasibəti bərabərhüquqlu tərəfdaşlıq münasibətidir. Hamımız bilirik ki, Rusiya prezidenti və dövlətinin Ermənistana münasibəti böyük-kiçik münasibətidir.
Yəni, Rusiya Ermənistanı özünün vassalı hesab edir, o cür də yanaşır. Amma Azərbaycana münasibətdə belə bir faktor yoxdur. Bu da təbiidir, çünki Azərbaycan dövləti elə bir şərait yaratmayıb ki, hansısa ölkə, qlobal güc olsa belə, bizim dövlətimizə yuxarıdan aşağı baxsın. Bu baxımdan düşünürəm ki, İlham Əliyevə göstərilən sayğı növbəti uğur kimi dəyərləndirilə bilər. Bu eyni zamanda, Azərbaycanın Rusiya üçün əhəmiyyətli bir dövlət olmasını təsdiqləyir”.