
BAKI, 5 mart. TELEQRAF
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 80 illiyi münasibəti ilə "Qorxma, mən səninləyəm!" (Yuli Qusmanın eyniadlı filmi əsasında) tamaşası nümayiş olunub.
Polad Bülbüloğlu tamaşa haqqında Teleqraf-a təəssüratını bölüşüb.
"Bir musiqiçi və bəstəkar kimi çox şadam ki, teatrımız yüksək səviyyədədir və tez-tez yeni tamaşalar repertuara daxil edir. "Qorxma, mən səninləyəm!" ikinci tamaşamdır ki, səhnəyə qoyulub", - deyə, Xalq artisti bildirib.
P.Bülbüloğlu ötən gün Şuşadan qayıtdığını qeyd edib.
"Şuşa camaatı ilə görüşmək çox xoşdur. Düzdür, bəzi problemlər var, amma bu məsələlərin öhdəsindən gəlmək üçün əlimdən gələni edəcəm",-deyə P.Bülbüloğlu açıqlayıb.
Xalq artisti 8 Mart- Beynəlxalq Qadınlar günü ilə bağlı qadınlarımıza təbrik də ünvanlayıb.
Qeyd edək ki, tamaşanın bədii rəhbəri, teatrın direktoru Əliqismət Lalayev, quruluşçu rejissoru isə teatrın baş rejissoru Cavid İmamverdiyevdir.
Tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Almaz Ələsgərova, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Elçin İmanov, Ülviyyə Əliyeva, Eleonora Mustafayeva, Nicat Əli, Leonid Klets, Fərid Rzayev, Telli Hüseynova, Təranə Əliyeva, Əli Kərimov, Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləri iştirak ediblər.