BAKI, 19 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan danışıqlardan sonra Kreml rəhbərinin davranışı beynəlxalq medianın diqqətini çəkib. Görüşdən sonra Vladimir Putinin atdığı addım gözlənilməz olub və bu, Donald Trampın davranışına da təsir edib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin “Baijiahao” nəşri məlumat yayıb.
Məlumata görə, mətbuat konfransı zamanı hər iki liderin bədən dili və ritorikası diqqət çəkib. “Baijiahao”nun müəllifləri Trampın davranışının onun adət etdiyi üslubdan kəskin şəkildə fərqləndiyini yazır. ABŞ prezidentinin həm fiziki görünüşü, həm də ritorikası yorğun və qeyri-adi olub. Əksinə, Vladimir Putin isə hər zamankı kimi inamlı və cazibədar görünüb.
Çin nəşri qeyd edir ki, danışıqlardan sonra Rusiya liderinin atdığı başqa bir addım da beynəlxalq ictimaiyyətin marağına səbəb olub. Belə ki, Putin sovet pilotlarının dəfn edildiyi qəbiristanlığa baş çəkib və onların məzarları üzərinə gül dəstələri qoyub.