XOCALI, 28 iyul. TELEQRAF

Doğma yurdlarına qayıdan Ballıca sakinlərinə yeni mənzillərinin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib və onlara fərdi yaşayış evlərinin açarlarını təqdim edib.

Təqdimetmə mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib ki, bu yalnız bir evin açarı deyil, illərdir həsrətini çəkdiyiniz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də öz sakinlərinə qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb – su, qaz, elektrik, rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur artıq fəaliyyət göstərir.

Qeyd edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.

***

12:09

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu dəfə adıçəkilən yaşayış məntəqəsinə 17 ailə olmaqla, 62 nəfər köçürülüb.

Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Ağdam rayonunun Dördyol adlanan ərazisindən ailələri Ballıcıya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri yola salıblar.

Ailələr bu gün kənddə yeni evlərlə təmin ediləcəklər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.