AĞDƏRƏ, 24 iyul. TELEQRAF

Həsənrizə daha 114 nəfər köçüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərə rayonunun Həsənriz kəndinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin növbəti köçü oldu.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, iyulun 24-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bu mərhələdə Həsənriz kəndinə 30 ailə - 114 nəfər köçürülüb.

Ailələrə evlərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib.

Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub — su, qaz, işıq və internet xidmətləri aktivdir.

Bu infrastruktur təminatı köçün davamlılığını və rahat yaşayışı dəstəkləmək üçündür S. Qəhrəmanov, sakinlərin işlə təminatında da köməklik göstəriləcəyini deyib.

Qeyd edək ki, bununla da Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan ailələrin sayı 160 oldu. 566 nəfər Həsənrizə qayıdıb.

***

13:59

Növbəti köç karvanı mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə bu gun köçürülən 29 ailə 114 nəfər Ağdərə rayon Həsənriz kəndinə çatıb. Daha sonra köçürülən ailələrə evlərin açarları təqdim ediləcək

***

12:10

Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə ümumilikdə 29 ailə olmaqla 114 nəfər yeni evlə təmin olunacaq.

Köçürülən ailələr Bərdə rayonundan 7 ailə olmaqla 31 nəfər, Goranboy rayonundan 6 ailə 19 nəfər, Yevlax rayonundan 3 ailə 13 nəfər, Gəncə şəhərindən 3 ailə 9 nəfər, Samux rayonundan 2 ailə 9 nəfər, Oğuz rayonundan 2 ailə 9 nəfər, Mingəçevir şəhərindən 2 ailə 8 nəfər, Göygöl rayonundan 2 ailə 6 nəfər, Bakı şəhərindən 1 ailə 6 nəfər və Şamaxı rayonundan 1 ailə olmaqla 4 nəfər, Tərtər rayonundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Tərtər RİH-in nümayəndələri tərəfindən Həsənriz kəndinə yola salındı.

Qeyd edək ki, köçürülən bu ailələr bu günə kimi müxtəlif şəhər və rayonlarda inzibati binalarda məskunlaşan ailələr olub.
Bu köç də nəzərə alınmaqla Həsənriz kəndinə cəmi 159 ailə 566 nəfər köçürülüb.