BAKI, 28 aprel. TELEQRAF

Aprelin 28-də səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, 33 ailə olmaqla, 137 Xocalı sakini öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya,
yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Xocalıya köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. O, çıxışında bu günün tarixi və qürurverici gün olduğunu deyib: "Uzun illər boyu həsrətində olduğumuz doğma Xocalıya növbəti köçün gerçəkləşməsinə şahidlik edirik.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində doğma torpaqlarımıza geri dönüşümüz reallığa çevrilir. Bu təkcə ailələr üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük sevinc və qürurdur. Çünki Xocalının dirçəlişi, burda həyatın yenidən canlanması bir zamanlar işğal altında olan torpaqlarımızda bu gün üçrəngli bayrağımızın dalğalanması, dövlətimizin gücünün və xalqımızın əzminin bariz nümunəsidir. Siz doğma torpaqlara qayıdaraq tarix yazırsınız. Bugünkü köç yalnız bir köç deyil, həm də yenidən qurulacaq, çiçəklənəcək Xocalının başlanğıcıdır.

"Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə böyük tikinti quruculuq işləri də həyata keçirilir. Köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin, Xocalının Ballıca kəndində isə 157 ailə, 743 nəfərin daimi məskunlaşması təmin edilib".

Sonra Xocalıya köçən sakinlərə evlərin açarları təqdim olunub.

***

06:57

Aprelin 28-də Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə şəhərə 33 ailə - 138 nəfər köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (83 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola düşüblər.

Gəncə, Şirvan və Mingəçevir şəhərlərində, Goranboy və Ağcabədi rayonlarında məskunlaşmış 13 ailə (55 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Köçürülən ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, bu köç də nəzərə alınmaqla, bugünədək Xocalı şəhərinə 85 ailə (342 nəfər) köçürülüb.