BAKI, 13 oktyabr. TELEQRAF
"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının səkkizinci qurultayında çıxışı Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə verdiyi qiymət, Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrdən sonra düşdüyü vəziyyət, Azərbaycanı idarə edən şəxslərin ölkəni ağır vəziyyətdə qoyub qaçması, ikisinin Rusiyanın, birinin Kələkiyə qaçması, torpaqlarımızın hakimiyyətə gəlmək yolunda alverə çevrilməsi və ticarətə çevrilməsi haqqında dediyi fikirlər və ümumilikdə Azərbaycanın bu gün apardığı siyasəti qəbul etməyən dövlətlər haqqında öz fikirlərini söylədi və görünür ki, çox layları yenə də yerindən oynatdı. Nəticə etibarilə ayrı-ayrı dövlətlərdən ölkəmizə qarşı müxtəlif yönlü təhdidlərin şahidi oluruq, görürük".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin komitə sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bir həftə bundan öncə deyilən fikirlərin bu gün şahidi oluruq: "Milli Məclisin üzvləri yerlərdə olurlar, insanlarla görüşürlər və qurultaydan sonra da hər bir rayonda bu tədbirlər keçirilibdir. Təklif edərdim ki, parlamentdə bir dəyirmi masa keçirək, müzakirə edək və bunu mətbuat vasitəsilə ictimaiyyətə çatdıraq. Müzakirə olunacaq məsələlər aktualdır”.
Komitə sədri bildirib ki, Azərbaycanda məhkəmə sistemində xeyli islahatlar gedib və getdikcə təkmilləşir: “Amma təəssüflər olsun ki, həmkarım Zahid müəllim də qeyd elədi, bunun icraya yönəlməsində müvafiq problemlər var. Əgər vətəndaşın banka hansısa bir borcu varsa, bu icraya yönələndə dərhal həyata keçirilir. Lakin vətəndaşa olan borcu və yaxud da vətəndaşın mülkiyyət münasibətləri, torpaq münasibətləri, alqı-satqı münasibətləri getdikcə uzanır, ildən-ilə keçir və bunun həyata keçirilməsi vətəndaş üçün problemlər yaradır”.
Siyavuş Novruzovun sözlərinə görə, elə hallar var ki, bir sıra şəxslərin yüz minlərlə borcu var və elə bir qiymət müəyyənləşir ki, o qiyməti ödəməkdən ötrü iki yüz il vaxt lazımdır: “İki yüz il gərək ödənilsin ki, həmin vətəndaşa olan digər borclar yerinə yetirilsin. Halbuki onun kifayət qədər əmlakı var, onu müəyyən etmək mümkündür. Baxmayaraq ki, digərlərinin adınadır, amma bəllidir ki, əmlak həmin ki şəxsə aiddir. Bu və ya digər şəkildə dələduzluq yolu ilə vətəndaşın əmlakını ələ keçirirlər, sonradan isə adi bir qaydada cəza müəyyənləşir və kiçik bir həcmdə bunun icrası həyata keçirilməyə başlayır.
Hesab edirəm gələcəkdə bu "İcra haqqında" qanun layihəsinə bir də baxıb əlavələr, dəyişikliklər etməliyik ki, vətəndaşlarımız əziyyət çəkməsin”.