BAKI, 13 oktyabr. TELEQRAF
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini birinci oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, bununla əlaqədar "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, "İcra haqqında" qanuna "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.
Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.
Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğu edilməsi, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil edilir. Qanun layihəsində həmçinin "Qiymətli kağızlar bazarı haqqında" qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.