BAKI, 3 iyun, TELEQRAF
"Bir sıra gəlir mənbələri üzrə kənarlaşmaların izahatının verilməsinə ehtiyac var. Məsələn, Qeyri-neft sektorundan mənfəət vergisi üzrə daxilolma 3 milyard 463 milyon manat olub və bu da proqnoza nisbətən 6,8 faiz azdır. Eynilə, hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolma 338,5 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 7,2 faiz azdır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2024-cü ilin yekununda dövlət büdcəsinin 39 milyard 742 milyon manat məbləğində təsdiq olunmuş xərcləri real ifadədə də 37 milyard 713 milyon manat məbləğində icra olunub:
"Bu da proqnoza nisbətən 5.1 faiz azdır. 2024-cü ilin xərclər təsdiq olunmuş proqnoza nisbətən 33.8 faiz, ilk yarısında 16.7 faiz çox və nəhayət ilk 9 ayda 0.2 faiz çox icra olunsa da, illik yekunda azalma qeyd olunub. Bunun hər hansı fiskal və iqtisadi səbəbləri varmı? 2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir. Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon manat olsa da cari xərclər 21 milyard 343 milyon manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır".
Deputat əlavə edib ki, 2024-cü ildə baş tutmuş 9 milyard 845 milyon manatlıq dövlət satınalmasının 5 milyard 355 milyon manatı, yəni yarıdan çoxu - 54.4 faizi bir mənbədən satın alma olub:
Digər tərəfdən, dövlət satınalmalarının cəmi 43.4 faizi açıq tender yolu ilə həyata keçirilib. Yəni, ötən il dövlət satınalmalarına çıxarılan hər 100 manatdan sadəcə 43 manatı açıq tender yolu ilə təqdim olunub. 2024-cü ildə də ənənəvi olaraq büdcə xərcləmələrində sonuncu rübün və eləcə də dekabr ayının, yəni sonuncu ayın payı müqayisəli olaraq çoxdur. Ötən il büdcə vəsaitinin 17.7 faizi, yəni 6 milyard 674 milyon manat ilin sonuncu ayında xərclənib. Bu isə vəsaitlərin aylar üzrə diferensial səmərəliyini məsələsini daha da aktuallaşdırır. Eyni zamanda, aylar üzrə proqnozlaşdırma ilə icra arasında da əhəmiyyətli kənarlaşmalar müşahidə edilib və bu da fiskal poqnozlaşdırmanın metodologiyasına yenidən baxılmasını da prioritetləşdirir".