BAKI, 21 may. TELEQRAF

Dövlət Komitəsi ailədə gender bərabərliyinə mane olan patriarxal yanaşma və gender stereotiplərinin tədricən aradan qaldırılması üçün bir sıra tövsiyələr irəli sürüb.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Həmin tövsiyələr aşağıdakılardır:

- Müvafiq mövzuya həsr olunan, peşəkar səviyyədə təşkil olunmuş ictimai müzakirələrin, debatların təşkili zəruridir.
- Müzakirələrdə cari tədqiqat olmaqla, ölkəmizdə bu sahədə indiyədək toplanılan tədqiqat əsaslı biliklərin təqdimi faydalıdır.
- Patriarxallıq və gender stereotipləri zəminində ailələrdə baş verən münaqişələrin tədqiqi və təqdimi vacibdir.
- Ev işləri ilə həddən artıq yüklənmə qadınların fiziki və psixoloji sağlamlığına necə təsir edir, bu öz növbəsində ailədə münaqişələrə, hətta ailələrin dağılmasına gətirir, qızların təhsildən uzaqlaşdırılması onları sonrakı dövrlərdə hansı imkanlardan məhrum edir, ailə qurduqdan sonra təhsil və iş imkanları məhdudlaşdırılan qadınlar sonrakı yaşlarda işə düzəlmək və maddi vəziyyətini yaxşılaşdırmaq yolunda çətinliklərlə üzləşir, iş təcrübəsi olmayan qadınlar sonradan boşandıqda, dul qaldıqda və ya həyat yoldaşı sağlamlığını itirdikdə yaranan vəziyyət - bu problemlərin elmi əsaslı tədqiqatlarla öyrənilməsi, bu sahədə statistik rəqəmlərin və insan hekayələrinin ictimaiyyətə təqdim edilməsi ailədən qaynaqlanan patriarxallığın və gender stereotiplərinin acı nəticələrinin cəmiyyət tərəfindən geniş şəkildə dərk edilməsini şərtləndirəcək.

Tədqiqatda ev işlərinin və qayğı əməyinin bölgüsü patriarxal yanaşma və gender stereotiplərinin ən çox ifadə olunduğu sahə kimi üzə çıxdı. Bu istiqamətdə müsbət dəyişikliklərə nail olmaq üçün bir sıra məsələlər ön plana çəkilməlidir. Burada bir tərəfdən ailədə ev-qayğı işlərinin gender bərabərliyi prinsiplərinə uyğun bölgüsünün təşviqi, bunun nümunələrinin görünən olması, digər tərəfdən isə müvafiq xidmət sahələrinin inkişaf etdirilməsi və əlçatanlığı vacibdir. Xidmət sahələri dedikdə, ilk növbədə ölkədə uşaq bağçaları şəbəkəsinin əhalinin sayı və sıxlığına müvafiq artırılması nəzərdə tutulur. Bundan əlavə, daha mütəhərrik iş sistemi olan günlük dayə xidmətlərinin inkişaf etdirilməsi, qayğı əməyi sahəsində olanların peşəkarlaşması istiqamətində tədbirlər nəzərdən keçirilməlidir. Həmçinin muzdlu ev əməyi xidmətlərinin təşkili, keyfiyyəti, qanunvericiliklə tənzim edilməsi sahəsində innovativ təcrübələrin tətbiqi əhəmiyyət daşıyır.

Ataların övladın böyüdülməsində daha fəal iştirakçılığına zəmin yaratmaq, bu istiqamətdə Əmək Məcəlləsində yeni imkanların yaradılması (ödənişli və hazırda olduğundan daha uzunmüddətli atalıq məzuniyyəti) tədbirləri sürətləndirilməlidir.

Bir sıra hallarda hətta gender bərabərliyinin daha çox təmin olunduğu ailələrdə övladın dünyaya gəlməsindən sonra patriarxal gender nizamının güclənməsi tendensiyası müşahidə olunur. Bunun səbəbi çox zaman qadınların analıq məzuniyyətinə gedərkən əmək hüquqlarının pozulması, azyaşlı uşaqları olan anaların ev-iş balansına müvafiq iş yerlərinin çatışmamasıdır.

Bununla əlaqədar nəinki dövlət sektoru, həmçinin özəl sektorda qadınların əmək hüquqlarının təmin olunmasına sistemli nəzarətin gücləndirilməsi, həmçinin əmək bazarının təkliflər spektrinin genişləndirilməsi, əmək qanunvericiliyinin müddəaları ilə tənzimlənən hissəvi və onlayn iş yerlərinin yaradılması əhəmiyyət daşıyır.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.