
BAKI, 3 mart. TELEQRAF
Ombudsman bir neçə beynəlxalq müqavilənin ratifikasiya edilməsini bir daha təklif edir.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Bunlar aşağıdakılardır:
- “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə” Beynəlxalq Konvensiya (BMT-nin Baş Assambleyasının 61-ci sessiyası çərçivəsində qəbul edilmiş və 2007-ci il 6 fevral tarixdən üzv dövlətlər üçün imzalanmaq, ratifikasiya və qoşulmaq üçün açıq elan edilmişdir. Ölkəmiz tərəfindən 6 fevral 2007-ci il tarixində imzalanmış, lakin ratifikasiya edilməmişdir.)
- Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 2-ci (ədalətli əmək şəraiti hüququ), 3-cü (təhlükəsiz və sağlam əmək şəraiti hüququ), 10-cu (peşə hazırlığı hüququ), 13-cü (sosial və tibbi yardım hüququ), 23-cü (ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ), 15-ci (əlil şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququ), 30-cu (yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ), 31-ci (yaşamaq yeri hüququ) ilə bağlı maddələri;
- “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokolu (2008-ci il 10 dekabr tarixində BMT Baş Məclisinin 63/117 saylı Qətnaməsi ilə qəbul olunmuş və 2009-cu il 24 sentyabr tarixində ölkəmiz tərəfindən imzalanmışdır).
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.