BAKI, 27 fevral. TELEQRAF

Rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı qadağan olunur.

Teleqraf xəbər verir ki, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb.

Qeyd edək ki, “Reklam haqqında” qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək. Beləliklə, rəqəmsal platforma təsirçisi reklam subyektləri sırasına daxil edilir.

Xatırladaq ki, rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur.

Rəqəmsal platforma təsirçisi sırasına blogerlər və s. daxildir

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunub.