BAKI, 27 fevral. TELEQRAF

“Reklam haqqında” qanuna yeni maddələr əlavə edilir.

Teleqraf xəbər verir ki, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb.

Qanuna edilən əlavəyə əsasən, reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir. Bundan başqa, reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.

Bundan başqa, məsafədən satış üsulu ilə satılan malların reklamı barəsində mövcud qanunvericiliyə dəyişliklik təklif olunur.

Təklif olunan dəyişikliyə əsasən, məsafədən, yəni satıcı ilə alıcı arasında birbaşa təmas olmadan, alıcıya əmtəə ilə bilavasitə tanış olmaq imkanı verilmədən (kataloqlar, prospektlər, bukletlər, elektron ticarət vasitələri) satılan əmtəənin reklamında onun satıcısı barədə telefon və elektron poçt ünvanı qeyd olunmalıdır.

Mövcud qanunvericilikdə satılan əmtəənin reklamında onun satıcısı barədə faks ünvanının da qeyd olunmağı tələb olunurdu.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunub.