BAKI, 27 fevral. TELEQRAF

Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin (qiymətinin) müəyyən olunması sahəsində səlahiyyətin tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur.

Teleqraf xəbər verir ki, bu, "Qiymətləndirmə fəaliyyəti haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlara təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununa uyğun olaraq müəyyən edilir.

Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.

Qüvvədə olan qanunvericiliyə görə, sözügedən məsələ bələdiyyələrin səlahiyyətində idi.

Həmçinin müvafiq maddənin 5-ci hissəsində "Bələdiyyələr və xüsusi icazələr" sözləri "Xüsusi" sözləri ilə əvəz edilir.

Bundan başqa, Mülki Məcəlləsinin 307.1-ci maddədə “müstəqil qiymətləndiricilər” sözləri “qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar” sözləri ilə əvəz olunur.

Həmçinn Məcəlləyə əlavə edilən maddəyə əsasən, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununa uyğun olaraq həyata keçirilsin.

Habelə, 925.4-cü maddəyə “şəxslər” sözündən sonra “, habelə qiymətləndiricilər (qiymətləndirici təşkilatlar)” sözləri əlavə ediləcək.

1076-9.2-ci və 1076-10.3.5-ci maddələrdən “müstəqil” sözü çıxarılır.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunub.